06 oktyabr

Türk dövlətləri Qəbələdə: yeni əsrin strateji birliyi formalaşır - TƏHLİL

Sabah Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü başlayır. Bu toplantı təkcə üzv ölkələrin liderlərinin növbəti dəfə bir araya gəlməsi deyil, həm də türk dünyasının siyasi və iqtisadi gələcəyinin müzakirə olunduğu strateji platforma kimi diqqət çəkir.

Qəbələnin zirvə məkanı kimi seçilməsi təsadüfi deyil. Bu qədim şəhər həm mədəniyyətin, həm də türk birliyinin mərkəzlərindən biri kimi tanınır. Tarixən İpək Yolunun üzərində yerləşən Qəbələ bu gün türk dünyasının tarixi ticarət və mədəni əlaqələrinin müasir geoiqtisadi reallıqlarla sintezini təmsil edir. Zirvənin burada keçirilməsi həm də Azərbaycanın regionda oynadığı lider rolunu nümayiş etdirir. Bu, Azərbaycanın artıq təkcə enerji ixracatçısı deyil, həm də türk dünyasında siyasi koordinasiya mərkəzinə çevrildiyini göstərir.

Son illərdə Türk Dövlətləri Təşkilatı beynəlxalq siyasətdə müşahidəçi platformadan strateji güc mərkəzinə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanın təmsil olunduğu təşkilat üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın güclənməsi ilə seçilir. Qəbələ zirvəsinin əsas məqsədlərindən biri də müdafiə sənayesi, nəqliyyat-logistika, enerji və texnoloji əməkdaşlığın dərinləşdirilməsi olacaq. Bu istiqamətlərdə atılacaq addımlar təşkilatın Avrasiya məkanında daha koordinasiyalı və sistemli fəaliyyətinə şərait yaradacaq.

Zirvədə nəqliyyat və logistika dəhlizləri, xüsusilə də Orta Dəhliz prioritet mövzulardan biri olacaq. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi və Qafqaz vasitəsilə Avropanı birləşdirən bu marşrutun rəqəmsal və infrastruktur gücləndirilməsi məsələlərinin müzakirəsi gözlənilir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət mərkəzində olacaq. Azərbaycan və Türkiyənin uğurlu hərbi-texnoloji əməkdaşlığı artıq region üçün modelə çevrilib. İndi bu əməkdaşlığa Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin də qoşulması planlaşdırılır. Məqsəd türk dövlətləri arasında vahid müdafiə texnologiyaları sisteminin formalaşdırılmasıdır.

Bundan əlavə, liderlər mədəni və humanitar inteqrasiyanın dərinləşdirilməsi üzərində dayanacaqlar. Türk Akademiyası, Türk Mədəniyyəti Fondu və TÜRKSOY xətti ilə həyata keçirilən layihələr çərçivəsində ortaq tarix və ədəbiyyatın tədqiqi, ortaq əlifba və təhsil proqramlarının inkişafı müzakirə ediləcək.

Bütün bunlar göstərir ki, qlobal səviyyədə formalaşan yeni çoxqütblü sistemdə Türk Dövlətləri Təşkilatının rolu getdikcə güclənir. Rusiyanın, Çinin, Avropa İttifaqının və ABŞ-nin təsir zonaları arasında yerləşən türk ölkələri həm enerji təhlükəsizliyi, həm də nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət kəsb edir. Bu gün TDT-nin qəbul etdiyi qərarlar artıq regional çərçivədən çıxaraq beynəlxalq siyasi proseslərə təsir göstərə biləcək səviyyəyə çatıb.

Bu mənada Qəbələ görüşü türk birliyinin müstəqil geosiyasi oyunçu kimi formalaşmasının növbəti mərhələsini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyev təşkilat daxilində birləşdirici və sabitləşdirici lider kimi tanınır. Onun təşəbbüsləri nəticəsində türk dövlətləri arasında iqtisadi əməkdaşlıq mexanizmləri sadələşdirilib, müdafiə sənayesi sahəsində yeni layihələr irəli sürülüb. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi türk dünyasında özünəinamı artırıb, “vahid güc konsepsiyası”nı aktuallaşdırıb.

Qəbələ görüşündə bu siyasi xəttin daha sistemli şəkildə müzakirə ediləcəyi gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı bu gün mədəni bağlarla yanaşı strateji maraqlar, texnoloji inkişaf və təhlükəsizlik inteqrasiyası üzərində birləşir.

Bu prosesin mərkəzində isə Azərbaycan və Türkiyənin ortaq liderliyi dayanır. Qəbələ zirvəsini türk dünyasının XXI əsrdə siyasi və iqtisadi güc qütbünə çevrilməsinin başlanğıc nöqtələrindən biri kimi xarakterizə etmək mümkündür.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?