Türk Dövlətləri Təşkilatı: qlobal siyasətdə yüksələn təsir mərkəzi - MƏQALƏ

Ümumi dil, mədəniyyət, tarix və etnik köklərə sahib olan türk dövlətlərini bir araya gətirən siyasi və iqtisadi əməkdaşlıq platforması – Türk Dövlətləri Təşkilatının dünya miqyasında proseslərin inkişafına təsiri getdikcə artır. Bu da təşkilatın yarandığı vaxtdan bu günə qədər sürətli inkişaf yolunda olduğunu, öz gücünü və təsir dairəsini davamlı şəkildə genişləndirdiyini göstərir.
2009-cu ilin oktyabrında yaradılmış Türk Dövlətləri Təşkilatının müasir dünya siyasətində və iqtisadiyyatındakı, xüsusilə son onillikdə Cənubi Qafqaz, Mərkəzi Asiya və Avrasiyanın geosiyasi mənzərəsindəki rolu əhəmiyyətli dərəcədə artıb. Bu prosesə həlledici töhfə verən ölkələrdən biri isə Azərbaycandır.
Ümumiyyətlə, Azərbaycan xarici siyasətinin başlıca istiqamətlərindən biri türk dünyasının qlobal aləmdə daha güclü mövqe qazanması və həmrəyliyin davamlı xarakter almasıdır. Bunu Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə səhifələrində Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşımında da görmək mümkündür. Dövlət başçısı qeyd edib:
“3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün, 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!”
Türk Dövlətləri Təşkilatının siyasi rolu üzv dövlətlər arasında dialoqu gücləndirmək, ortaq maraqları müdafiə etmək və beynəlxalq platformalarda birgə mövqe nümayiş etdirmək üzərində qurulub. Təşkilatın coğrafi mövqeyi – Şərqlə Qərb arasında körpü rolu oynaması – onu Avrasiya məkanında mühüm geosiyasi aktora çevirir. Bu səbəbdən təşkilat Rusiya, Çin, Avropa İttifaqı və ABŞ kimi böyük güclərin diqqət mərkəzindədir. Eyni zamanda, təşkilat beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış edərək beynəlxalq münasibətlərdə konstruktiv mövqe sərgiləyir.
Qurumun əsas məqsədlərindən biri də üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Türk dünyası ölkələrinin əksəriyyəti zəngin enerji resurslarına, geniş torpaq sahələrinə və strateji nəqliyyat yollarına sahibdir. Bu isə iqtisadi inteqrasiyanı və birgə layihələri daha da cazibədar edir. Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin ilə Avropa arasında alternativ ticarət və nəqliyyat yolu kimi çıxış edən bu dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır. Hazırda bu dəhlizin dünya üçün müstəsna əhəmiyyət daşıması qlobal miqyasda qəbul edilir.
Xüsusilə Azərbaycanın bu prosesdəki rolu Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirmək istəyən dövlətlər üçün həyati əhəmiyyət kəsb edir. ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərindən birinin açıqlamasına görə, Vaşinqton Mərkəzi Asiya ölkələrinin qlobal bazarlara inteqrasiyasını təşviq etməyi və regional təhlükəsizliyi gücləndirməyi prioritet hesab edir. Bu kontekstdə Transxəzər dəhlizi üzərində Azərbaycanın rolu həlledici amil kimi qiymətləndirilir. ABŞ-ın yeni strategiyasında Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri ayrıca yer tutur.
Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi onu logistika və enerji dəhlizlərinin əsas halqalarından birinə çevirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirməkdə ölkəmizin rolu əvəzsizdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər infrastruktur layihələri Orta Dəhliz üzərindən daşımaları daha da gücləndirir. Azərbaycanın təşəbbüsləri həm də Türk Dövlətləri Təşkilatının mövqelərini gücləndirir.
Bundan əlavə, Azərbaycan zəngin enerji resurslarını təhlükəsiz və səmərəli şəkildə dünya bazarlarına çıxarmaqda böyük təcrübəyə sahibdir. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri təkcə Azərbaycanın deyil, həm də türk dövlətlərinin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Perspektivdə bu siyahıya Zəngəzur dəhlizi də əlavə olunacaq. Özbəkistan, Qazaxıstan və Türkmənistanın enerji potensialının Azərbaycan üzərindən Qərb bazarlarına çıxarılması isə ölkəmizin regional enerji habına çevrilməsini təmin edəcək.
Azərbaycan yalnız siyasi və iqtisadi deyil, hərbi, mədəni, humanitar və təhsil sahələrində də təşkilatın güclənməsinə mühüm töhfələr verir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında aparıcı və strateji rola malikdir. Şübhəsiz ki, gələcəkdə də Azərbaycanın bu istiqamətdə rolu daha da artacaq və türk dövlətləri arasında birliyin dərinləşməsində əsas amillərdən biri olaraq qalacaq.
MTM Analitik Qrupu