Azərbaycan Yaxın Şərqdə davamlı və ədalətli sülh istəyir - TƏHLİL

Amerika Prezidenti Donald Trampın Qəzzada münaqişəyə son qoymaq üçün irəli sürdüyü hərtərəfli plan dünya ictimaiyyətində birmənalı qarşılanmasa da, bu təşəbbüs beynəlxalq münasibətlərdə diqqətçəkən yeni müzakirə mövzusu yaradıb. Azərbaycanın bu plana dəstək verməsi isə Bakının regional və qlobal diplomatiyadakı mövqeyini bir daha göstərir. Xarici İşlər Nazirliyinin “X” hesabında yayımlanan bəyanatda bildirilib ki, “davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir”. Azərbaycanın bu mesajı həm beynəlxalq hüququn prioritetliyinə çağırışdır, həm də regional sabitliyə verdiyi önəmin göstəricisidir.
Azərbaycanın Qəzza planına dəstək verməsi ilk növbədə dövlətin xarici siyasət fəlsəfəsi ilə uzlaşır. İllərlə ərazi bütövlüyü pozulmuş bir ölkə kimi Azərbaycan beynəlxalq hüququn aliliyini daim müdafiə edib. Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası məsələsində beynəlxalq hüququn pozulmasına şahidlik edən Bakı indi də Yaxın Şərqdə münaqişələrin yalnız hüquqa əsaslanaraq çözülə biləcəyini vurğulayır. Bundan başqa, Azərbaycan regional sabitliyin qorunmasında birbaşa maraqlıdır. Enerji ixracatçısı və tranzit ölkəsi kimi Bakı üçün Yaxın Şərqdə sabitlik həm enerji təhlükəsizliyi, həm də beynəlxalq iqtisadi layihələrin uğurla icrası baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında xüsusi olaraq “məhbusların və girovların mübadiləsi” və “humanitar ehtiyacların qarşılanması” məsələsinə diqqət yetirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın Qarabağ münaqişəsi dövründəki təcrübəsindən irəli gəlir. Uzun illər minlərlə azərbaycanlı məcburi köçkün statusunda yaşayıb, girov və itkinlərlə bağlı problemlər hələ də mövcuddur. Bu səbəbdən Azərbaycan üçün humanitar yanaşma beynəlxalq siyasətdə sadəcə diplomatik ritorika deyil, praktiki təcrübədən doğan həqiqətdir. Çünki humanitar məsələlərin həlli olmadan hər hansı siyasi nizamlama uzunmüddətli ola bilməz. Bu yanaşmanı Qəzza məsələsinə də tətbiq edən Azərbaycan əslində beynəlxalq ictimaiyyətə bir siqnal göndərir: sülh yalnız siyasi danışıqlarla deyil, insani problemlərin aradan qaldırılması ilə mümkündür.
Donald Trampın Qəzza planı müxtəlif ölkələr tərəfindən fərqli cür qarşılanıb. Bəzi dövlətlər bunu Amerikanın birtərəfli siyasətinin davamı sayır, bəziləri isə münaqişənin həlli üçün dialoq platforması kimi görür. Azərbaycanın bu təşəbbüsü dəstəkləməsi isə bir neçə mühüm məqamı ortaya qoyur. Bakı bu dəstəyi ilə Vaşinqtonla siyasi-diplomatik münasibətlərini daha da möhkəmləndirmək niyyətində olduğunu göstərir. Azərbaycan həm İsrail, həm ərəb dövlətləri, həm də ABŞ-la münasibətlərini balanslı şəkildə qoruyur. Bu dəstək həmin siyasətin davamlılığını nümayiş etdirir. Azərbaycanın beynəlxalq arenada sülh təşəbbüslərinə dəstək verməsi ölkəni yalnız enerji ixracatçısı deyil, həm də humanitar və diplomatik aktor kimi təqdim edir.
Digər tərəfdən Azərbaycan son illərdə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT-də fəal diplomatik mövqe sərgiləyir. Qəzza məsələsində dəstək bəyanatı bu mövqeyi daha da gücləndirir. Beləliklə, Bakı həm beynəlxalq hüquqa hörmət, həm də humanitar prinsiplərə sadiqliyini ortaya qoyaraq münaqişələrin ədalətli həlli üçün çağırış edir. Bu mövqe Azərbaycanı beynəlxalq diplomatiyada təkcə enerji gücü deyil, həm də sülh təşəbbüslərinin fəal tərəfdarı kimi möhkəmləndirir. Azərbaycanın Qəzza məsələsindəki mövqeyi bir daha göstərir ki, Bakı qlobal sülh gündəminin formalaşmasında öz sözünü deməyə hazırdır.
MTM Analitik Qrupu