30 sentyabr

Azərbaycan-Özbəkistan münasibətləri strateji səviyyədədir - ŞƏRH

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra xarici siyasət quruculuğuna xüsusi diqqət yetirib. Bu istiqamətdə əsas hədəflərdən biri də Mərkəzi Asiyanın müstəqil dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı fayda və maraqlara əsaslanan münasibətlərin qurulması olub. Dili, dini, etnik mənsubiyyəti bizimlə bir olan Özbəkistanla əlaqələr də Azərbaycanın xarici siyasətində xüsusi rola malik olub. İpək yolu üzərində yerləşən iki ölkə arasında sıx iqtisadi və mədəni əlaqələrin qurulması zərurət halına çevrilib.

Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ilin 2 oktyabr tarixində qurulub. Artıq növbəti ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının da qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir. İslam Kərimov 1996-cı ilin may ayında Bakıya ilk rəsmi səfərini reallaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev də 2004-cü ilin mart ayında Özbəkistanda dövlət səfərində olub. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, eləcə də humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistanda Azərbaycan kapitallı 240-dan çox, Azərbaycanda isə 70-ə yaxın Özbəkistan şirkəti fəaliyyət göstərir. Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 430 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 3,5 dəfə çoxdur. Hər iki ölkə 2030-cu ilə qədər dövriyyəni 1 milyard dollara çatdırmağı hədəfləyir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. İki ölkə arasında energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi qarşılıqlı investisiyaları əhəmiyyətli dərəcədə artıracaq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi ildən-ilə yüksəlir.

Bundan əlavə, Azərbaycan və Özbəkistan hərbi enerji sektorunda əlaqələrini də möhkəmləndirir. Daşkənddə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilib. Təlimin məqsədi qeyri-qanuni birləşmələrə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi olub.

Eyni zamanda, SOCAR Qaraqalpaqıstandakı Ustyurt yaylasında hasilatın pay bölgüsü sazişini imzalamağa hazırlaşır. Bu vaxta qədər Özbəkistanda hasilatla rus şirkətləri məşğul olsa da, artıq Azərbaycan dünyada enerji sahəsində aparıcı qüvvəyə çevrildiyi üçün Mərkəzi Asiyada da bu sahədə böyük layihələrə imza atır. Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq genişlənir, bu da hər iki ölkənin enerji nazirlikləri və şirkətləri (SOCAR və "Özbəkneftqaz") arasında imzalanan sazişləri əhatə edir. Bu əməkdaşlığın əsas məqsədi energetika sektorunda birgə fəaliyyətin genişləndirilməsi və 2023-2025-ci illər üçün Yol Xəritəsinin həyata keçirilməsidir.

Bütün bu sadalananlar sübut edir ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq strateji səviyyədədir və günü-gündən inkişaf edir.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?