29 sentyabr

Ermənistanın Qərb qarşısında qorxusu - “Rosatom” layihəsi Rusiya ilə yaxınlaşmadır - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yaxınlarda Moskvaya səfəri birmənalı qarşılanmayıb. Erməni hökumət başçısı 26 sentyabr tarixində Moskvada keçirilən Qlobal Atom Forumunda iştirak və çıxış edib. Uzun müddətdir Rusiyanın liderlik etdiyi tədbirlərdən yayınan Nikolun bu səfəri siyasi dairələrdə İrəvan-Moskva yaxınlaşması kimi şərh edilir. Çıxışında Ermənistanın MAQATE və bir sıra ölkələrlə əməkdaşlığa davam edəcəyini vurğulayan Baş nazir bildirib ki, nüvə enerjisi sabit və təmiz enerji təchizatının təmin edilməsində əsas rol oynayır. Bu işdə əsas rolun AES üzərinə düşdüyünü qeyd edən Paşinyan əlavə edib ki, təmsil etdiyi dövlət 2026-2036-cı illər arasında Metsamor AES-in istismar müddətini uzatmaq qərarına gəlib: “Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi və ömrünün uzadılması layihəsi təkcə texniki tapşırıq deyil, Ermənistan, Rosatom Dövlət Korporasiyası və digər beynəlxalq tərəfdaşlar arasında səmərəli və etibarlı tərəfdaşlığın nəticəsidir”.

Bu açıqlamadan da aydın olur ki, Ermənistan nüvə enerjisi məsələsində artıq Rusiya ilə razılaşıb və “Rosatom”la layihənin icrası nəzərdə tutulub. Cənubi Qafqaz regionunda yeganə olan Ermənistan Atom Elektrik Stansiyası Yerevandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. Zavod ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir və onun ümumi istehsalının 40%-ni təmin edir. Onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb, daha 10 il uzadılması istiqamətində işlər aparılır. Məhz bu AES haqlı olaraq Azərbaycan və Türkiyənin narazılığına səbəb olub və sızmanın baş verdiyi stansiyanın bağlanması əvəzinə fəaliyyət göstərməsi region üçün böyük təhlükə ehtiva edir. Eyni zamanda, bir müddət əvvəl ABŞ ilə razılaşdırılmış modul tipli nüvə reaktorları ilə bağlı məsələ də görünür arxivə atılır. Bu isə o mənaya gəlir ki, Ermənistan yenidən Rusiyanın enerji orbitinə qayıdır. İrəvan Moskvadan asılılığını bu layihə ilə daha da gücləndirəcək.

Bununla belə, Paşinyanın bu addımı Qərbdə Rusiya ilə yaxınlaşma kimi qəbul ediləcək. Bu isə hakimiyyət nümayəndələrinin, xüsusən də Qərbyönümlü qanadın ciddi təşvişinə səbəb olub. Ermənistanın hazırkı rəhbərliyi qorxur ki, əgər o, “Rosatom” ilə yeni böyük layihəni həyata keçirməyə başlayarsa - nəinki mövcud enerji blokunun ömrünü uzatsa, həm də kiçik AES və ya tammiqyaslı atom elektrik stansiyası tiksə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Rusiya arasında yaxınlaşma kimi qəbul olunacaq. Nikol Paşinyan məhz bundan qaçmağa çalışır. Əksinə, o, Rusiyadan uzaqlaşmaq və kollektiv Qərblə əməkdaşlığa doğru irəliləyiş nümayiş etdirmək üçün hər cür səy göstərir. Bir tərəfdən, Ermənistan və Rusiya nüvə sahəsində çoxdandır əməkdaşlıq edir. Digər tərəfdən isə ABŞ ilə modul tipli nüvə reaktorları ilə bağlı danışıqlar aparılır. Bu, iki stulda eyni anda əyləşməyə bənzəyir. Paşinyan bir tərəfdən belə strateji məsələdə əməkdaşlıq etməmək niyyətini ortaya qoysa da, digər tərəfdən artıq “Rosatom”la layihə imzalanır.

Bununla belə ehtimal etmək olar ki, Nikol ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya şirkətlərindən alternativ təklif gözləyir. Bu bazarda rəqabət kifayət qədər yüksəkdir. Eyni zamanda Çin də bu sahədə liderlərdən biridir və bir sıra ölkələrdə AES-lər inşa edir. Çin layihəsi də cəlbedici ola bilər. Amma bu, Qərb üçün üzdöndərmə siyasəti kimi qəbul edilə və erməni hökumətini çıxılmaz vəziyyətə sala bilər. Zaman isə daralır. Bir AES-in inşası vaxt aparan məsələdir və bəzən bir neçə ilə həll edilir. Bu səbəbdən də İrəvan qısa müddətə qərar verməlidir. Çünki əks halda ölkə enerji böhranı ilə üzləşə bilər. Bu isə idxalı artıra bilər. Belə bir vəziyyət qiymətlərin artmasına, onsuz da can verən iqtisadiyyatın çökməsinə səbəb ola bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?