Gəncədən dünyaya idman mesajı – Azərbaycanın artan nüfuzu - TƏHLİL

Ötən əsrin son dekadasında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra özünün iqtisadi, siyasi və mədəni inkişaf yolunda mühüm nailiyyətlər əldə etdiyi kimi, idman sahəsində də böyük uğurlara imza atıb. Bu uğurlar nəticəsində ölkə artıq beynəlxalq idman ailəsinin nüfuzlu üzvlərindən birinə çevrilib. Təbii ki, sözügedən nailiyyətlərə imza atılmasında məqsədyönlü dövlət siyasəti, idmana göstərilən diqqət və qayğı, gənc nəslin sağlam həyat tərzinə yönləndirilməsi müstəsna rol oynayıb.
Bu gün Azərbaycan dünya məkanında qlobal miqyaslı idman tədbirlərinin keçirildiyi əsas ünvanlardan biri kimi də qəbul edilir. Qeyd edilən məqamın daha bir nümunəsi III MDB Oyunları kontekstində özünü bir daha büruzə verdi. Özü də bu dəfə beynəlxalq xarakterli bu oyunlara paytaxt Bakı yox, Azərbaycan regionları ev sahibliyi edir. Bu, ölkə regionlarının da infrastruktur baxımından beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirir.
Xatırlatmaq lazımdır ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Ötən dövr ərzində bu oyunların keçirilməsi məqsədilə ölkəmizdə müvafiq addımlar atılıb.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Yarışlar ümumən 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
III MDB Oyunlarının təntənəli açılış mərasimi 28 sentyabr tarixində Gəncə şəhərində keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Heç şübhəsiz ki, Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə yeni töhfələr verir.
Bu yarışlar digər nüanslar baxımından da mühüm əhəmiyyətə malikdir. İlk növbədə o müstəvidə ki, MDB Oyunları gənc idmançılar üçün beynəlxalq arenalara yeni çıxış imkanları yaradır. Bir çox hallarda bu yarışlar gələcək Olimpiya və dünya çempionlarının yetişməsi üçün sınaq meydanı rolunu oynayır. Həmçinin müxtəlif idman növlərinin inkişafına dəstək olur, az tanınan və ya yeni inkişaf etməkdə olan idman növlərinə marağı artırır. Oyunların əsas məqsədlərindən biri MDB məkanında xalqlar arasında dostluq və həmrəyliyi gücləndirməkdir. Eyni zamanda MDB Oyunları iştirakçı ölkələrin beynəlxalq nüfuzuna da müsbət təsir göstərir. Ölkələr bu yarışlarda əldə etdikləri uğurlarla öz idman gücünü nümayiş etdirir, eyni zamanda təşkilatçılıq qabiliyyətini ortaya qoyurlar.
Azərbaycan əvvəldən MDB Oyunlarına aktiv şəkildə qoşulan ölkələrdən biridir. İdmançılarımız bu yarışlarda daim yüksək nəticələr göstərərək ölkəmizin idman ənənələrini layiqincə təmsil edirlər. Bundan əlavə, Azərbaycanın idman infrastrukturu və təşkilatçılıq təcrübəsi bir daha dünya miqyasında təbliğ edilir. Burada nəzərə alınması vacib olan daha bir nüans odur ki, ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında iştirakçı ölkələrin sayı daha çoxdur. Bu dəfə MDB məkanından kənar ölkələr də qatılıb.
III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov bu barədə deyib: “On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək. Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir... Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.”
O da məlum həqiqətdir ki, idman Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bunun nəticəsidir ki, dövlət tərəfindən idman infrastrukturunun inkişafına milyardlarla manat investisiya yatırılıb. Paytaxt Bakıda və regionlarda müasir idman komplekslərinin, idman qurğularının tikilməsi Azərbaycanın beynəlxalq yarışların keçirilməsinə qapılarını açıb.
Elə Azərbaycanın idman sahəsində nüfuzunu artıran əsas amillərdən biri də beynəlxalq miqyaslı yarışların ölkəmizdə təşkili olub. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları yalnız ölkə tarixində deyil, ümumilikdə qitə idmanı tarixində mühüm hadisəyə çevrildi. Dünyanın 50 ölkəsindən minlərlə idmançının qatıldığı bu möhtəşəm tədbiri 1 milyarddan çox televiziya tamaşaçısı izlədi. Bütün bunlar Azərbaycanın təşkilatçılıq qabiliyyətini və idman mərkəzi olmaq potensialını beynəlxalq aləmə sübut etdi.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirilməsi ölkənin beynəlxalq nüfuzunu bir daha artırdı. Paralel olaraq, Formula 1 yarışlarının 2016-cı ildən etibarən hər il Bakıda keçirilməsi Azərbaycanı dünya idman xəritəsində xüsusi bir mövqeyə çıxardı. Bundan əlavə, şahmat üzrə dünya kuboku, güləş üzrə dünya və Avropa çempionatları, cüdo, taekvondo, gimnastika və digər idman növlərində yüksək səviyyəli yarışların ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq idman ailəsində möhkəm yer tutmasına səbəb oldu. Bu proses hazırda da davam edir.
Azərbaycanın beynəlxalq idman nüfuzunun artmasında təbii ki, idmançılarımızın qazanılan uğurları da böyük rol oynayır. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında Azərbaycan idmançıları mütəmadi olaraq medal qazanaraq ölkəmizin adını ucaldırlar. Elə III MDB Oyunlarında da Azərbaycan idmançıları yüksək nəticələrlə seçilirlər.
Daha bir vacib faktor odur ki, idman Azərbaycanın mədəniyyətinin dünyada tanıdılmasında da xüsusi rol oynayır. Beynəlxalq turnirlər vasitəsilə ölkəmizə gələn minlərlə turist Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi və ənənələri ilə tanış olur. Bu isə idmanın ölkə üçün diplomatik vasitəyə çevrildiyini sübut edir.
Azərbaycan idmanı beynəlxalq münasibətlərdə də öz rolunu oynayır. İdman diplomatiyası ölkəmizin beynəlxalq imicini gücləndirən əsas vasitələrdən biridir. Azərbaycan böyük yarışların təşkili ilə yalnız öz gücünü göstərmir, eyni zamanda müxtəlif xalqlar arasında əməkdaşlıq və dostluq körpüləri qurur.
Qeyd edilənlər onu deməyə əsas verir ki, indi Azərbaycan dünya idmanında güclü mövqe sahiblərindən biri kimi qəbul edilir və qarşıdakı dövrdə bu mövqe daha da güclənməkdə davam edəcək.
MTM Analitik Qrupu