Rəsmi İrəvan Azərbaycanla rəqabətə davam gətirə bilmədiyini etiraf edir - TƏHLİL

Rəsmi İrəvan Azərbaycanla istənilən sahədə rəqabətə davam gətirmək imkanında və gücündə olmadığını açıq şəkildə etiraf etməyə başlayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyanın mediaya müsahibəsindəki son açıqlamaları bu mənada regionda formalaşan yeni geosiyasi reallığın məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Ermənistanın gələn il üçün hərbi xərclərini hansı səbəbdən azaltması ilə bağlı sualı cavablandıran A. Simonyan bildirib ki, ölkəsi onsuz da Azərbaycan və Türkiyə ilə hərbi xərclər baxımından rəqabət aparmaq imkanında deyil. Bu açıqlama rəsmi İrəvanın uzun illər davam etdirdiyi və postmüharibə dövründə daha da genişləndirdiyi militarizasiya siyasətinin iflasını göstərməklə yanaşı, yeni reallıqları qəbul etmək məcburiyyətində qaldığını təsdiqləyir.
2020-ci ilin İkinci Qarabağ müharibəsi, 2023-cü ilin lokal antiterror tədbirləri Ermənistanın hərbi gücünün mifdən başqa bir şey olmadığını, Azərbaycanın isə iqtisadi, siyasi və hərbi baxımdan Cənubi Qafqazda liderlik etdiyini tam sübuta yetirdi.
Müdafiə xərclərinin azaldılması ilə bağlı qərar, ilk növbədə, Ermənistanda iqtisadi vəziyyətin ağır olduğunu ortaya qoyur. Ermənistan hökuməti 2026-cı il üçün müdafiə xərclərini 16 faiz azaldaraq, 1,46 milyard dollara endirmək qərarına gəlib. Halbuki, Ermənistan 2023-cü ildən başlayaraq son iki ildə hərbi xərclərini 70 faizədək artırmışdı. İşsizlik səviyyəsi 12 faizə çatan, 15 ildən çoxdur demoqrafik böhran yaşayan Ermənistanda bu artım militarist büdcənin bariz nümunəsi idi. 2025-ci ildə Ermənistan hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırmışdı.
Azərbaycanın ilbəil artan hərbi xərcləri ilə guya ayaqlaşmaq istəyən Ermənistan, əksinə, əhalisini səfalət içində yaşadıb, strateji əhəmiyyətli digər sahələrin maliyyələşdirilməsini arxa plana keçirib. Üstəlik, “yeni ərazilər uğrunda yeni müharibə” və Qarabağda ikinci erməni dövləti yaratmaq xülyaları tam iflasa uğrayıb. Ermənistanın hansısa uzunmüddətli mərhələdə regionda hərbi balans yaratması və Azərbaycanı təhdid etməsi qeyri-mümkündür.
Azərbaycanın 2025-ci il üçün müdafiə və təhlükəsizlik xərclərinə ayıracağı vəsaitin 8 milyard 714,8 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da Ermənistanla müqayisədə 3 dəfədən çoxdur. Xüsusən də 8 avqust 2025-ci il tarixli məlum Vaşinqton razılaşmalarından sonra Ermənistan hərbiləşmə siyasətinin mənasızlığını daha açıq dərk edir. Qarşı tərəfin ordusunu modernləşdirmək, yeni silah və texnika almaq imkanları da məhduddur.
İqtisadi baxımdan zəif və xarici maliyyə dəstəyindən asılı olan Ermənistan hərbi sahəyə böyük vəsait ayıra bilmir. Rəsmi İrəvan yaxşı anlayır ki, “hərbiləşmə yarışı”nda qalib gəlmək, Azərbaycanın sürətli modernləşmə tempinə tab gətirmək qeyri-mümkündür. Müdafiə xərclərinin azaldılması qərarı da əslində məcburiyyətdən atılan addımdır. Çünki hərbi sahəyə sərf edilən pullar ölkəni gücləndirmir, əksinə, iqtisadiyyatı zəiflədir, sosial problemləri dərinləşdirir, xarici borcu artırır.
Tanınmış “Global Firepower” təşkilatının 2025-ci il üçün açıqladığı hesabatda Azərbaycanın hərbi gücünə görə 145 ölkə arasında 60-cı, Ermənistanın isə 91-ci yerdə qərarlaşması bunun bariz göstəricisidir. Bu fərq yalnız orduların gücündə deyil, həm də ölkələrin iqtisadi gücündə, siyasi nüfuzunda və beynəlxalq mövqelərində özünü qabarıq göstərir. Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ermənistan isə əksinə, separatizmi dəstəkləməsi və işğalçı siyasəti ilə regionda təcrid vəziyyətinə düşüb. Ötən illərin reallıqları da göstərib ki, heç bir beynəlxalq dəstək bu ölkəni “hərbiləşmə yarışı”nda ayaqda saxlaya bilməz.
Azərbaycanın ordu quruculuğu sahəsindəki üstünlüyü təsadüfi deyil. Ölkə rəhbərliyi uzun illərdir ki, bu sahəni dövlət siyasətinin prioritet istiqaməti elan edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan müharibədən sonra da arxayınlaşmamalı, güclü, peşəkar və müasir texnika ilə təchiz olunmuş orduya sahib olmalıdır. Ölkəmizin əldə etdiyi hərbi nailiyyətlər, ordumuzun gücü Ermənistan üçün həm dərs, həm də xəbərdarlıqdır.
Ən müxtəlif sahələrdə əldə etdiyi üstünlüklər Azərbaycanın regionda liderliyini möhkəmləndirir və Ermənistanı konstruktiv sülh yolunu seçməyə vadar edir. Alen Simonyanın açıqlamaları göstərir ki, Ermənistan da artıq bu həqiqəti qəbul edir: bu ölkənin ən yaxşı təhlükəsizlik təminatı Azərbaycanla yekun sülh sazişi imzalamaq və əsassız iddialardan əl çəkməkdir.
MTM Analitik Qrupu