27 sentyabr

44 günlük Vətən müharibəsi-Regionun geosiyasətini dəyişən ZƏFƏR - ŞƏRH

1980-ci illərin sonundan başlayaraq Qarabağda məskunlaşan erməni əhali arasında Ermənistanın, Qərbin, Kremlin və erməni diasporunun dəstəyi ilə başlayan separatçı hərəkət Azərbaycanın 13 rayonunun işğalı ilə nəticələndi. Azərbaycan hökuməti 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyətə qayıdışından sonra bu işğalla qəti barışmayacağını, torpaqlarını azad edəcəyini bütün platformalarda dünyaya duyurdu. Azərbaycan diplomatiyası və danışıqlar nəticəsində BMT kimi qurumda Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi barədə qətnamələr də çıxarıldı. Amma Ermənistanın hərbi-siyasi rəhbərliyi bu qətnamələri icra etməkdən hər vəchlə boyun qaçırırdı. Bununla belə, Ermənistan ordusu dəfələrlə şərti cəbhə xəttində Azərbaycan Ordusuna qarşı bir sıra təxribatlar törədirdi. 2016-cı il Aprel döyüşlərində belə təxribatın qarşısı qətiyyətlə alındı və Lələ təpə kimi strateji yüksəkliklərlə yanaşı bəzi ərazilər işğaldan azad edildi. 2020-ci ildə isə Ermənistanın təxribatları rəsmi Bakının səbr kasasını daşırdı. Ali Baş Komandan İlham Əliyev bu təxribatlara cavab olaraq, orduya hücum əmrini verdi.

Hər kəs müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə, Qələbəyə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan sonda məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyev iki əsr ərzində yeganə ağır problemimiz olan Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 gündə həll etdi.

44 günlük müharibənin ilk günündən Azərbaycan Ordusu bir sıra kəndləri işğaldan azad edərək, güclü və haqlı tərəfin kim olduğunu bütün dünyaya yaydı. 44 gün ərzində azğınlaşan erməni hərbi və siyasi rəhbərliyi Ağdam, Bərdə, Tərtər və Gəncədə dinc əhalini atəşə tutur, bütün savaş qaydalarını pozurdu. Bununla belə, Azərbaycan Ordusu və rəhbərliyi düşmənə sadəcə və sadəcə cəbhədə zərbə endirir, canlı və texniki qüvvəsini məhv edirdi. Maraqlıdır ki, 44 günlük müharibə dövründə dünyanın bir sıra KİV-ləri əvvəlcə ermənipərəst mövqedən çıxış etsələr də, Azərbaycanın dostu olan Türkiyə kimi ölkənin mətbuatı əlində olan bütün resurslarla Azərbaycanın haqq səsini dünyaya çatdıra bildi. 44 günlük müharibədə Azərbaycan xalqı və rəhbərliyi heç bir halda işğalla barışmayacağını bir daha dünyaya sübut etdi. Artıq Qarabağ separatçı rejimin tör-töküntüləri Bakı məhkəmələrində cavab verir. Bu, Azərbaycan rəhbərliyinin qətiyyətli və yorulmaz fəaliyyəti, uğurlu xarici və daxili siyasəti, ordu quruculuğu və diplomatiyasının qələbəsidir. Bu, şanlı Azərbaycan xalqının qələbəsidir.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?