Azərbaycanın humanitar diplomatiyası qlobal miqyasda nümunə kimi qəbul olunur - TƏHLİL

Rəsmi Bakının beynəlxalq miqyasda humanitar təşəbbüslərlə çıxış etməsi, qlobal problemlərin həllində fəal mövqe tutması ölkəmizin beynəlxalq nüfuzunu və mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında məzmunlu çıxışı bu mənada Azərbaycanın qlobal problemlərin həllinə mühüm töhfələr verdiyini, beynəlxalq ictimaiyyət üçün aktual humanitar məsələlərin aradan qaldırılması naminə birgə əməkdaşlığı təşviq etdiyini sübut edir.
Dövlət başçısının Xəzər dənizinin səviyyəsinin azalması, Ermənistanın mina terrorunun doğurduğu təhdidlər, ölkəmizin humanitar yardımları və iqlim diplomatiyası ilə bağlı fikirləri rəsmi Bakının qlobal çağırışlara əsaslanan humanitar diplomatiyasının mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır. Prezident İlham Əliyevin Xəzərin səviyyəsinin azalmasını təkcə iqlim dəyişikliyinin nəticəsi kimi deyil, həm də geosiyasi problem kimi xarakterizə etməsi beynəlxalq ictimaiyyətə verilən mühüm mesajdır. Dövlət başçısı hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırmış və region dövlətlərini birgə əməkdaşlığa çağırmışdı.
Xəzərin səviyyəsinin sabit qalmasında, onun su ilə təchizatında Volqa çayının payı 80 faizdən çoxdur. Son illərdə bu çayın üzərində yaradılan iri anbarlar və hidroenerji kompleksləri Xəzərə təbii su axımını azaldıb, qapalı su hövzəsinin taleyini Rusiyadan asılı vəziyyətə salıb. Volqa çayı boyunca yerləşən iri anbarların, xüsusən də Xəzərə daha yaxın Volqoqrad Su Anbarının fəaliyyəti çayın sululuq səviyyəsini süni şəkildə tənzimləməyə imkan verir. Bu isə təbii tarazlığı pozmaqla yanaşı, region ölkələrinin ekoloji təhlükəsizliyinə ciddi zərbə vurur.
Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə narahatlıqla toxunduğu bu məsələnin ilk dəfə BMT tribunasından səsləndirilməsi gələcəkdə yarana biləcək böyük ekoloji fəsadların qarşısının alınması vacibliyinə dair dünyaya açıq mesajdır. Eyni zamanda, bu çağırış ekoloji məsələlərdən, təbii-coğrafi üstünlüklərdən siyasi motivlərlə istifadənin yolverilməzliyini ön plana çəkir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən digər mühüm məsələ Ermənistanın mina terroru idi. Mina problemi artıq yalnız təhlükəsizlik məsələsi olmayıb, sosial, iqtisadi və ekoloji problemlərə səbəb olur. Ermənistanın 30 ilə yaxın işğalçı siyasəti nəticəsində ölkəmizin əraziləri kütləvi şəkildə minalanıb və mülki əhali üçün real təhlükə mənbəyinə çevrilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq yalnız münaqişə bölgəsini deyil, yaşayış məntəqələrini, yolları, təsərrüfat sahələrini və strateji yüksəklikləri də minalayıb.
BMT Təhlükəsizlik Şurasının 2365 saylı qətnaməsinə əsasən, dövlətlər minalarla mübarizədə qarşılıqlı öhdəlik daşıyırlar. Lakin Ermənistan mina xəritələrini təqdim etməkdən yayınaraq bu öhdəliyi pozub. Rəsmi Bakı beynəlxalq təzyiqlər nəticəsində mina xəritələrinin bir qismini əldə etsə də, problem hələ də tam həllini tapmayıb. Prezident İlham Əliyevin məsələni BMT tribunasından səsləndirməsi bir daha göstərdi ki, mina problemi yalnız Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin qarşısında duran ciddi humanitar çağırışdır.
Azərbaycan son illərdə fəal humanitar diplomatiya yürüdərək, təbii fəlakətlərdən, münaqişələrdən və pandemiyadan zərər çəkmiş ölkələrə ardıcıl yardım göstərib. COVID-19 pandemiyasının şiddətli dövründə respublikamız 80-dən çox ölkəyə tibbi avadanlıq, qoruyucu vasitələr və vaksinlər göndərərək qlobal həmrəylik nümunəsi göstərib. Bu addımlar rəsmi Bakının humanist diplomatiyasının bariz göstəricisi olmaqla yanaşı, ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanıdıb.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında qeyd etdiyi kimi, Azərbaycan humanitar yardım sahəsində fəallığını artıraraq dünyada ehtiyacı olan dövlətlərə dəstək göstərməyə davam edir. Rəsmi Bakının kiçik ada dövlətlərinə dəstəyi, iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri ölkəmizin humanitar diplomatiyasının əsas məqamlarını təşkil edir. Azərbaycan BMT və digər beynəlxalq təşkilatlarda inkişaf etməkdə olan ölkələrin haqlı çağırışlarını gündəmə gətirməklə, ədalətə əsaslanan yeni diplomatik yanaşmanı təşviq edir.
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə keçirilən tədbirlər də Azərbaycanın beynəlxalq ədalətin təmini və davamlı inkişaf istiqamətində çevik diplomatiya apardığını nümayiş etdirir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Nyu-Yorkdakı BMT mənzil-qərargahında keçirilən “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Konfransın yekun bəyanatında BMT Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı qətnaməsinə istinad edilərək bütün xalqların öz müqəddəratını təyinetmə hüququ təsbit olunub, müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, 2025-ci ilin iyulunda imzalanmış Bujival razılaşması “sabitlik çərçivəsi” kimi təqdim edilsə də, əslində, öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulması və Fransanın hərbi, iqtisadi və strateji hökmranlığını davam etdirməyə hesablanmış siyasi rekolonizasiya nümunəsidir.
Bununla yanaşı, hazırda bir sıra Afrika dövlətləri qlobal iqlim dəyişiklikləri və iqtisadi gerilik səbəbindən ciddi problemlərlə üzləşiblər. Azərbaycan bu ölkələrlə həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edərək onların problemlərinin beynəlxalq tribunalarda səsləndirilməsinə çalışır. Rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək və qlobal iqlim problemlərinin həllində fəal iştirak etmək kimi məsuliyyətli missiyanı da öz üzərinə götürüb.
Ötən il COP29-a ev sahibliyi edən Azərbaycan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini təsis etməklə beynəlxalq əməkdaşlıq üçün unikal platforma yaradıb. Mərkəzin təşəbbüsü ilə Çad və Qvineya-Bisau ilə Birgə İşçi Qruplarının yaradılması Afrika ölkələrində praktiki layihələrin icrasına imkan açır. Bu, Azərbaycanın qlobal humanitar problemlərin həllinə verdiyi töhfələrin praktik xarakter daşıdığını göstərir. Afrika ölkələrinin nümayəndələrinin Bakının təşəbbüslərinə verdiyi yüksək qiymət isə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni tərəfdaşlıq imkanları yaradır.
MTM Analitik Qrupu