26 sentyabr

Dünya qəbul edir: Regionda sabitliyin təminatçısı Azərbaycandır - TƏHLİL

Azərbaycan sayəsində Cənubi Qafqazda fundamental qeyri-sabitliyin mənbəyi aradan qalxıb. Ermənistanın işğal siyasətinə son qoyulub, ölkə ərazi bütövlüyünü bərpa edib. Bu, Cənubi Qafqazda uzun illər davam edən qeyri-müəyyənliyə son qoyaraq regionda yeni siyasi nizam formalaşdırıb. Azərbaycanın qətiyyətli mövqeyi göstərdi ki, sülh və təhlükəsizlik yalnız beynəlxalq hüququn prinsiplərinə əsaslanmaqla mümkündür. Bu isə bölgədə yeni inteqrasiya və əməkdaşlıq imkanlarının açılmasına yol açdı. Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində indi Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri ön plana çıxıb. Bu da beynəlxalq ictimaiyyətin regiona marağını daha da artırır.

Qlobal miqyasda qəbul olunur ki, bölgədə genişmiqyaslı hərbi əməliyyat təhlükəsi yoxdur, Azərbaycan-Ermənistan sərhədində gərginlik isə demək olar ki, sıfıra enib. Bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı diqqətə çatdırıldı. Dövlət başçısı sülh istiqamətində Azərbaycanın gördüyü işlərdən geniş şəkildə bəhs etdi:
“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir”.

Hazırda regionda tamamilə yeni vəziyyət yaranıb və Cənubi Qafqaz təhlükəsiz və sabit bir məkana çevrilir. Potensial risklər qalsa da, onların reallaşdırılması asan deyil. İlk növbədə ona görə ki, regionun lider dövləti olan Azərbaycan bu proseslərin qarşısını alır. Həm də region ölkələrinin heç biri yeni müharibədə maraqlı deyil. Azərbaycan Ermənistan ərazisinə iddia etmir, Ermənistan isə Azərbaycanın ərazilərinə olan iddialarından imtina edib. Doğrudur, bu iddia hələ də Ermənistan Konstitusiyasında qalır, lakin gələn il həmin müddəanın çıxarılması gözlənilir.

Hələlik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə sərhədləri açılmayıb. Lakin bu ikitərəfli məsələlər region miqyasında ciddi problem təşkil etmir. Cənubi Qafqaz indi de-yure olmasa da, de-fakto sülhün hökm sürdüyü regiona çevrilib. Bu nailiyyətə Azərbaycan və onun lideri imza atıb.

Yeni reallıq dünya miqyasında da açıq şəkildə bəyan olunur. Məsələn, Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxış edərək bildirib:
“Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu, onu göstərir ki, ən dərin münaqişələr belə dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”.

Belə bir şəraitdə dünya Cənubi Qafqaz regionuna, xüsusilə də lider mövqedə dayanan Azərbaycanla əməkdaşlığa daha çox diqqət ayırır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri əvvəldən regionun beynəlxalq diqqətini artıran əsas amillərdən olub. Bu layihələr ölkəmizin təşəbbüskarlığı nəticəsində Cənubi Qafqazı dünya enerji xəritəsində ön plana çıxarıb. Azərbaycanın irəli sürdüyü nəqliyyat layihələri də bölgəyə marağı artıran mühüm faktorlardandır. Bakı–Tiflis–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərqlə Qərb arasında yükdaşımaların səmərəliliyini təmin edir. Xüsusilə Orta Dəhliz Azərbaycan vasitəsilə Çindən Avropaya qısa və təhlükəsiz marşrut təqdim edir.

Bu dəhliz qlobal ticarət şəbəkəsində Cənubi Qafqazın əhəmiyyətini artıraraq böyük dövlətlərin diqqətini cəlb edir. Ən önəmlisi isə Azərbaycanın maliyyə və xarici dəstək gözləmədən öz potensialını inkişaf etdirməsidir. Nəticədə hazırda ölkə ərazisindən iki qlobal logistik marşrut – Şimal–Cənub və Şərq–Qərb dəhlizləri keçir. Bakı öz öhdəliklərini vaxtından əvvəl yerinə yetirir. Məsələn, Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi artıq tamamlanıb və onun tam işləməsi yalnız İranın gecikmələri səbəbindən ləngiyir. Şərq–Qərb istiqamətində isə Bakı–Tiflis–Qars dəmir yolu Orta Dəhlizin əsas hissəsi olaraq fəaliyyət göstərir. Yaxın vaxtlarda işə düşəcək Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin gələn ilin ilk yarısında başa çatdırılması planlaşdırılır.

Bütün bunlar fonunda dünya qəbul edir ki, Cənubi Qafqazda sabitliyin təmin olunmasında əsas oyunçu Azərbaycandır. Ölkənin balanslaşdırılmış xarici siyasəti müxtəlif güclərlə əməkdaşlığa imkan verir. Bu isə beynəlxalq gücləri regionla bağlı qərarlarında Azərbaycanın mövqeyini nəzərə almağa məcbur edir. Xüsusilə terrorizmə qarşı mübarizə və sərhəd təhlükəsizliyi məsələlərində Azərbaycan beynəlxalq tərəfdaş kimi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın iqtisadi inkişaf modeli, qeyri-neft sektorunun genişlənməsi və xarici sərmayələrin cəlb olunması ölkəni Cənubi Qafqazın iqtisadi mərkəzinə çevirib. Xarici investorlar region bazarına çıxış üçün Bakını əsas platforma kimi seçirlər. Azərbaycan beynəlxalq humanitar tədbirlər və mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə də dünya miqyasında nüfuz qazanıb.

Bu reallıq göstərir ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq yalnız Azərbaycanla mümkün ola bilər. Azərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik sahələrdə yaratdığı yeni reallıqlar regionun gələcəyini müəyyənləşdirir. Buna görə də beynəlxalq güclər region siyasətini qurarkən Azərbaycanın mövqeyini nəzərə almağa məcburdur.

Azərbaycan bu gün yalnız regional deyil, qlobal səviyyədə də strateji tərəfdaş kimi qəbul olunur və dünyanın Cənubi Qafqaz siyasətinin mərkəzində dayanır. Ölkəmiz sayəsində Cənubi Qafqazda tarixi xarakterli transformasiya prosesi baş verir. Bu kontekstdə Azərbaycanın başlıca məqsədi regionun dünya geosiyasəti və geoiqtisadiyyatında rolunu daha da artırmaqdır. Dövlət bu istiqamətdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir, müvafiq təşəbbüslərlə çıxış edir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan–Gürcüstan–Ermənistan üçlüyündən ibarət vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Gürcüstan bu təşəbbüsü dəstəkləsə də, Ermənistan hələlik müvafiq addım atmayıb. Bunun səbəblərindən biri də Ermənistanın sülh müqaviləsini ləngitməsidir. Bu isə Cənubi Qafqazda vahid müzakirə platformasının reallaşmasına mane olur.

Bununla belə, Azərbaycanın sülhpərvər siyasəti Ermənistanın mövqeyinin də tədricən dəyişməsinə təsir edir. Söhbəti gedən müzakirə platforması perspektivdə region ölkələri arasında daha sıx münasibətlərin qurulmasına təkan verə, yeni əməkdaşlıq formatının əsasını qoya bilər. Bu halda Cənubi Qafqazın dünya siyasi və iqtisadi arenasında daha güclü mövqeyə sahib olması da qaçılmaz olacaq.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?