Azyaşlıların sükan arxasına keçməsi faciəyə səbəb olur – DYP-dən xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yetkinlik yaşına çatmamış şəxslərin avtomobil idarə etməsinin yolverilməz olduğunu bildirərək xəbərdarlıq yayıb.
Təhlil.az xəbər verir ki, qurumun məlumatına görə, ötən gün Ağdam rayonunda azyaşlının idarə etdiyi avtomobilin aşması nəticəsində həmyaşıdı həyatını itirib. Hadisə, bir daha bu təhlükəli və qanunsuz praktikanın ağır nəticələrini ortaya qoyub.
“Avtomobili yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”, – BDYPİ bildirib.
Qurum həmçinin valideynlərə müraciət edərək məsuliyyətsiz davranmamağa çağırıb:
“Təəssüf ki, bəzi hallarda valideynlər azyaşlı övladlarının sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə şərait yaradırlar. Bu isə son dərəcə təhlükəli və məsuliyyətsiz addımdır. Belə hallar yalnız sükan arxasındakı azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi nəticələrə səbəb ola bilər”.