Bu gün

Azərbaycan–ABŞ münasibətləri “reset” düyməsinə basdı - TƏHLİL

Azərbaycanla ABŞ arasında münasibətlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşlərdən və əldə olunmuş razılaşmalardan sonra strateji mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında Co Bayden Administrasiyası dövründə meydana çıxan ziddiyyət və gərginliklərin aradan qaldırılmasına imkan verib və qarşılıqlı etimadı gücləndirib.

Bu sənədlər təkcə ABŞ-Azərbaycan münasibətlərinin deyil, ümumən Cənubi Qafqaz regionunun gələcək inkişaf istiqamətlərini müəyyən edən vacib razılaşmalar kimi qlobal səviyyədə yüksək qiymətləndirilir. Vaşinqton görüşündən cəmi bir ay keçməsinə baxmayaraq, başlanan ikitərəfli diplomatik təmaslar həmin razılaşmaların tez zamanda icrası üçün ciddi siyasi iradənin mövcudluğunu göstərir.

Bu xüsusda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın Bakıya, eləcə də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Vaşinqtona işgüzar səfərləri diqqət mərkəzindədir. Hər iki səfərin əsas məqsədi avqustun 8-də əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində atılacaq addımları müzakirə etməkdir.

Ümumilikdə, Prezident İlham Əliyevin ABŞ-yə son səfəri həm iki ölkə arasında münasibətlərin normallaşmasına və strateji tərəfdaşlığın dərinləşməsinə, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinə təkan verib. Səfər çərçivəsində imzalanan tarixi sənədlər Zəngəzur dəhlizinin reallaşmasına yol açmaqla, regional sabitliyin sağlam əsaslarda təmin olunması baxımından dönüş nöqtəsi sayıla bilər. Başqa sözlə, Vaşinqton görüşünün nəticələri təkcə ABŞ–Azərbaycan deyil, eyni zamanda Azərbaycan–Ermənistan münasibətlərinin sivil məcraya yönəlməsinə və qarşılıqlı etimadın artmasına xidmət edib.

Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin paraflanması, habelə TRIPP yolunun (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) çəkilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması Donald Tramp Administrasiyasının obyektiv və rasional yanaşmasının nəticəsi olub. Bu sənədlərin onilliklər boyu davam edən münaqişənin tam həlli, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması baxımından səmərəli nəticələri artıq özünü göstərməkdədir. Vaşinqton razılaşmalarından sonra Ermənistan rəhbərliyi və ictimaiyyətinin həlledici kəsimi sülhün əsas şərtinin – konstitusiyanın yenilənməsinin vacibliyini qəbul edir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təqdim olunan TRIPP layihəsi yalnız region dövlətləri arasında deyil, bütövlükdə Avrasiya məkanında yeni nəqliyyat və ticarət şəbəkələrinin formalaşmasına imkan yaradacaq. Hanrahanın Bakıya səfəri zamanı bu layihənin reallaşdırılması üçün görüləcək birgə işlər də müzakirə olunub. Layihə ABŞ-a Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik üçün zəmanət missiyası verir.

Vaşinqton görüşünün digər mühüm nəticəsi ABŞ-nin maliyyə yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılması olub. Donald Trampın bu qərarı Azərbaycanın strateji əhəmiyyətini təsdiqləməklə yanaşı, ikitərəfli siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə də şərait yaradıb.

ABŞ biznesmenlərindən ibarət nümayəndə heyətinin “Orta Dəhliz regionuna səfər” proqramı çərçivəsində Azərbaycana gəlişi isə bu ölkənin iri şirkətlərinin sərmayə yatırımları üçün yeni imkanlar açıb. Səfər zamanı nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. ABŞ-nin qabaqcıl texnologiyalar sahəsindəki təcrübəsi ilə Azərbaycanın strateji mövqeyi və enerji resursları qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli zəmin yaradır.

Avqustun 8-də imzalanmış sənədlər arasında xüsusi yer tutan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu iki ölkə münasibətlərinin sistemli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələsi yalnız siyasi və iqtisadi deyil, müdafiə və təhlükəsizlik, xüsusilə də NATO çərçivəsində əməkdaşlığın güclənməsi ilə də xarakterizə olunur.

Bütün bunlar göstərir ki, Azərbaycan–ABŞ münasibətləri strateji xarakter almaqla, təkcə iki ölkənin maraqlarına deyil, həm də regional sabitliyə xidmət edir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?