Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Təhlil.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndi və Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinə və Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızıbazara 10 ailə - 39 nəfər, Sos kəndinə isə 10 ailə, 45 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.