Bu gün

Bakıdakı təlim Moskva və Tehrana hansı siqnalı verir? - ŞƏRH

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli təlimi regional və qlobal düzənə mesaj verən strateji hadisədir. Təlimin miqyası, iştirakçı ölkələrin seçimi və icra olunan ssenarilər bölgədə güc balansı, təhlükəsizlik arxitekturası və gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm məqamları ortaya qoyur.

Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin koordinasiya imkanlarını artırmaqdır. Atəş dəqiqliyi, paraşütlə eniş, snayper hazırlığı, zirehli texnika və pilotsuz uçuş aparatlarının (PUA) koordinasiyalı istifadəsi, həmçinin yaşayış məntəqələrinin düşməndən təmizlənməsi üzrə ssenarilər XXI əsrin asimmetrik müharibə reallıqlarına cavab verir. Bu, yalnız klassik döyüş bacarıqlarının yox, həm də hibrid müharibə elementlərinə qarşı hazırlığın təkmilləşdirildiyini göstərir. Xüsusilə yaşayış məntəqələrinin azad edilməsi epizodu şəhər müharibələrinin aktuallaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Altı ölkənin birlikdə hərəkət etməsi regionda yeni siyasi-hərbi xəritəni xatırladır. Azərbaycan və Türkiyə Qafqazda və Orta Şərqdə hərbi-siyasi tandem rolunu daha da gücləndirir. Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın nüfuzlu dövlətləri olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik əməkdaşlığını dərinləşdirirlər. Pakistan həm İslam dünyasında, həm də Cənubi Asiyada strateji oyunçu kimi çıxış edir və bu ölkənin Azərbaycan və Türkiyə ilə möhkəmlənən hərbi əməkdaşlığı yeni mərhələyə daşıyır. Qətər isə Körfəz ölkələri arasında Türkiyə ilə ən sıx hərbi-strateji əlaqələrə malikdir. Buna görə də bu təlim Körfəz–Qafqaz–Mərkəzi Asiya üçbucağında yeni koordinasiya xəttinin formalaşdığını nümayiş etdirir. Təlim faktiki olaraq Türk Dövlətləri Təşkilatı + İslam dünyasının strateji tərəfdaşları modelini ortaya qoyur.

44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə hərbi lider mövqeyini daha da möhkəmləndirib. Təlimin Bakıda keçirilməsi də ölkəmizin regional təhlükəsizlik mərkəzinə çevrildiyini göstərir. Qazaxıstan və Özbəkistanın iştirakı isə həm siyasi, həm də praktiki baxımdan əhəmiyyətlidir. Bu, Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının institusional əsaslarının qoyulduğunu sübut edir. Pakistan və Qətərin qoşulması ilə Qərbdən asılı olmayan çoxqütblü təhlükəsizlik mexanizminin qurulduğu aydın görünür.

Təlimin geosiyasi çalarları da var. Qazaxıstan və Özbəkistan KTMT-yə bağlı olsalar da, Azərbaycan və Türkiyə ilə çoxmillətli formatda iştirak etmələri Moskvanın regiondakı dominantlığının zəiflədiyini göstərir. NATO üzvü olan Türkiyənin fəal iştirakı isə Qərbə mesajdır: Ankara öz müttəfiqləri ilə yanaşı, müstəqil təhlükəsizlik platformaları yarada bilir. Təlimin Bakıda keçirilməsi İran üçün də ciddi siqnaldır. Çünki həm Pakistan, həm də Qətərin iştirakı bu formatda Tehranın təsir dairəsini daraldır.

“Sonsuz qardaşlıq – IV” göstərir ki, iştirakçı dövlətlər sadəcə taktiki deyil, strateji əməkdaşlığa gedirlər. Bu təlimlər gələcəkdə Türk Dövlətləri Təşkilatının hərbi qanadının formalaşmasına zəmin yarada, Körfəz–Cənubi Qafqaz–Orta Asiya təhlükəsizlik xətti üzrə daimi platformaya çevrilə və İslam dünyasında yeni güc mərkəzinin əsaslarını qoya bilər. Bu isə gələcəkdə Qafqazdan Orta Asiyaya, oradan da Körfəz bölgəsinə uzanan yeni təhlükəsizlik dəhlizinin formalaşmasına gətirib çıxara bilər.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?