Bu gün

Türkiyə–Ermənistan sərhədlərinin açılması: 30 ildən sonra tarixi addım - TƏHLİL

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi uzun illərdir regionun siyasi və iqtisadi gündəmində əsas mövzulardan biridir. 1993-cü ildən etibarən bağlı olan bu sərhəd, xüsusilə Ermənistan üçün ciddi iqtisadi və siyasi məhdudiyyətlər yaradıb. Cənubi Qafqaz kimi strateji əhəmiyyətli məkanda sərhədlərin bağlı qalması isə regional əməkdaşlıq imkanlarını azaldıb və qarşılıqlı inkişafa mane olub. Bu vəziyyətin kökündə Ermənistanın işğalçılıq siyasəti dayanıb və nəticədə ən çox zərər görən tərəf elə Ermənistanın özü olub.

Lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar durumu tamamilə dəyişib. Məhz bu reallıqlar fonunda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi aktuallaşıb. Sözügedən addımın atılması həm Ermənistan, həm Türkiyə, həm də bütövlükdə Cənubi Qafqaz üçün çoxsaylı üstünlüklər yaradacaq.

Bu fonda bəlli olub ki, Türkiyə ilə Ermənistan arasında ilk dəfə heyətlərarası görüş keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyi artıq məlumatı təsdiqləyib: “Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş planlaşdırılır”. Türkiyə və Ermənistan hələ 2021-ci ilin sonlarında bu proses üçün xüsusi nümayəndə təyin edib və o vaxtdan bəri nümayəndələr bir neçə dəfə görüş keçiriblər. Əvvəlki iclaslarda yük daşımaları üçün sərhədlərin açılması, texniki və infrastruktur işlərinin aparılması barədə qərarlar qəbul edilib, diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurları sadələşdirilib, üçüncü ölkə vətəndaşlarının sərhəddən keçməsinə razılıq verilib. Lakin ilk dəfədir ki, nümayəndə heyətləri arasında görüş keçiriləcək.

“CNN Türk” bildirir ki, bu dəfəki görüşdə ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qərarlar qəbul edilə bilər. Türkiyənin NTV telekanalı isə qeyd edir ki, iclasda həm yeni qərarlar, həm də əvvəl qəbul edilmiş razılaşmaların icrası müzakirə olunacaq. Diplomatik mənbələrə görə, Sərdar Kılıçın rəhbərlik etdiyi heyət Ermənistan tərəfinə Əlican–Marqara sərhəd-keçid məntəqəsindən keçərək gedəcək. Ermənistan bu məntəqəni yenidən qurub. 32 il bağlı qalan Əlican–Marqara sərhəd-keçid məntəqəsi indiyədək yalnız iki dəfə açılıb: ilk dəfə 2023-cü ilin fevralında İrəvan Türkiyəyə zəlzələdən zərərçəkənlər üçün 100 ton humanitar yardım göndərərkən, ikinci dəfə isə bu ilin martında Suriyaya yardım üçün 10 günlük müddətə.

İndi regionda kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına hazırlıq fonunda Əlican–Marqara sərhəd-keçid məntəqəsinin, eləcə də sərhədin digər istiqamətlərdə də tədricən açılması gözlənilir. Azərbaycan da bu prosesdə maraqlı tərəfdir. Hətta Azərbaycanın razılığından sonra Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulması üçün ilkin addımlar atıldığı da məlumdur.

Ermənistan yaxşı anlayır ki, onun iqtisadi tərəqqisi və təhlükəsizliyi kimi mühüm faktorlar məhz Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan, əsassız iddialardan imtina etməsindən asılıdır. Türkiyə–Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti olub. Qarabağ münaqişəsi və onun yaratdığı gərginlik regiondakı münasibətləri illərlə zədələdi. Nəticədə ən çox itirən də Ermənistan oldu. Bu reallığı dərk etmək üçün İrəvana 30 ildən artıq vaxt lazım gəldi. Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər Ermənistanın bu reallığı qəbul etməsini sürətləndirdi. Azərbaycanın sülh siyasəti isə əməkdaşlıq və inteqrasiya üçün münbit zəmin yaratdı. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına paralel olaraq Türkiyə ilə Ermənistan arasında dialoq da aktivləşdi.

Sərhədlərin açılması ilk növbədə iqtisadi təsir göstərəcək. Türkiyə böyük istehsal və ixrac gücünə malikdir, Ermənistan isə kiçik bazarı olan, ixrac yolları məhdud bir ölkədir. Açıq sərhəd Ermənistan üçün Türkiyə bazarına daha asan çıxış imkanı yaradacaq, bu isə iqtisadiyyatın dirçəlməsinə, iş yerlərinin artmasına, rifahın yüksəlməsinə səbəb olacaq. Digər tərəfdən, Ermənistan bazarı kiçik olsa da, türk məhsullarına maraq yüksəkdir. Bundan başqa, Ermənistan üzərindən keçəcək yeni nəqliyyat dəhlizləri Türkiyə üçün Orta Asiya və Rusiyaya çıxış baxımından əlavə imkanlar verəcək.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?