Hava limanından taksi sifarişlərinə məhdudiyyət: gediş haqqı 40–50 manat olacaq?

Sentyabrın 8-dən etibarən aqreqatorlarla çalışan sürücülər, böyük ehtimalla, Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində müştərilərdən sifariş qəbul edə bilməyəcəklər.
Təhlil.az xəbər verir ki, taksi sürücülərinin dediyinə görə, bazar ertəsindən etibarən taksilərin sinfinə baxmayaraq, hava limanına sərnişin gətirən bütün sürücülər sərnişini düşürdükdən sonra dərhal geri qayıtmalı olacaqlar.
"Bolt", "Yango" və digər mobil tətbiqlər sürücülər hava limanının ərazisini tərk etməyənədək yeni sifariş qəbul etməyəcək. Lakin hətta sürücülər hava limanının şlaqbaumundan çıxsalar belə, yeni sifariş götürə bilməyəcəklər, çünki bütün yaxın ərazilərdə dayanma və park etmə qadağandır. Beləliklə, sürücülər boş qayıtmağa məcbur qalacaqlar ki, bu da onların işini zərərlə nəticələndirəcək.
Qeyd olunur ki, hava limanında yalnız Bakı Taksi Xidmətinin nəqliyyatı və ekspress avtobuslar fəaliyyət göstərəcək. Bakı Taksi Xidmətinin avtomobilləri hamıya “London taksiləri” kimi yaxşı tanışdır.
Sürücülər həmçinin qeyd ediblər ki, hava limanından şəhər mərkəzinə bu taksilərlə gediş haqqı təxminən 40–50 manat olacaq, baxmayaraq ki, Bakı Taksi Xidməti hələlik bu tarifləri rəsmi şəkildə açıqlamayıb.