Ermənistan siyasətində manevr - Paşinyan Moskva və Pekinlə yaxınlaşır - ŞƏRH

Uzun müddətdir Rusiya ilə münasibətləri gərgin olan Ermənistan hökuməti xarici siyasətində dəyişiklik etmək qərarına gəlib. 8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində imzalanan üçtərəfli bəyannamədən sonra isə Moskvadan sərt əsən şimal küləyi Baş nazir Nikol Paşinyanı xarici siyasət vektorunda məcburi dəyişikliyə məcbur edib. İrəvanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) platformasında son aktivliyi və baş nazirin Çinə səfəri Ermənistanın əsas qlobal oyunçularla münasibətlərdə manevr etmək və tarazlığı saxlamaq məqsədindən xəbər verir. Rusiya və Çinin rəhbərlik etdiyi belə bir tədbirdə iştirak da Paşinyanın pozulmuş balansı bərpa etmək niyyətindən xəbər verir. Maraqlıdır ki, uzun müddət Moskvanın liderlik etdiyi tədbirlərdən yayınan, yerinə hansısa dövlət rəsmisini göndərən erməni Baş nazir bu dəfə özü Pekinə səfər edib. Bu səbəbdən də Paşinyanın ŞƏT-də iştirakına xüsusən də Rusiya ilə münasibətləri normallaşdırmaq prizmasından baxmaq lazımdır.
Təsadüfi deyil ki, ŞƏT çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinlə görüşü erməni mediasında, xüsusən də hakimiyyətə yaxın mətbuatda böyük uğur kimi təqdim edilir. Bir sıra deputat və politoloqlar görüşü şərh edərək, Moskva ilə münasibətlərdə müsbət addımların atıldığını, iki ölkə arasında müttəfiqliyin kökləri barədə uzun-uzadı yazılar dərc edirlər. Bununla belə, qeyd etmək lazımdır ki, bu görüşlə Paşinyan Vaşinqton bəyannaməsindən sonra Moskva ilə münasibətləri normallaşdırdığını nümayiş etdirməli idi. Çünki qarşıdan seçki ili gəlir və Kreml bir sıra ssenarilər hazırlayıb. Təbii ki, bu ssenarilərdən biri də hazırda həbsdə olan iş adamı Samvel Karapetyanın başlatdığı siyasi hərəkatla bağlıdır. Güman etmək olar ki, Karapetyanın yaratdığı siyasi qurum seçkilərə müəyyən mənada təsir edə biləcək. Əmr və komandaların isə birbaşa Kremldən göndərildiyi şübhə doğurmur.
Sammitin Ermənistan üçün digər nəticələrindən biri də Çinlə münasibətlərə dairdir. Bir müddətdir Tayvanla sıx münasibətlər quran İrəvanın Pekinlə arasında soyuqluq yaranmışdı. Yekun tərəfdaşlıq sənədində Ermənistanın Tayvan məsələsində Pekinin mövqeyini dəstəklədiyi qeyd edilib. Siyasi komponentlə yanaşı, İrəvanın aşkar istəyi “Çinlə iqtisadi əlaqələri inkişaf etdirməkdir. İrəvan öz ərazisində strateji infrastruktur layihələrinin həyata keçirilməsi üçün Çin investisiya və texnologiyasını cəlb etməkdə xüsusilə maraqlıdır. Xüsusilə, bu, Ermənistanın cənubunda Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirən nəqliyyat marşrutunun yaradılmasını əhatə edə bilər. Bir müddət əvvəl mətbuatda da yayılan xəbərlərə görə, Ermənistan yolun tikintisində Çin şirkətlərinin iştirakında maraqlıdır. Bu səbəbdən də mövzunun Pekində yenidən gündəmə gətirilməsi gözlənilən idi. İşin maraqlı tərəfi isə Çin-ABŞ münasibətlərinin gərginləşdiyi bir vaxtda Ermənistanın məhz bu layihə üçün Pekinə ümid etdiyidir. Hadisələrin gedişatı isə Paşinyanın Moskva və Çinlə münasibətləri nə dərəcədə normallaşdıra bildiyini ortaya çıxaracaq.
Hikmət Həsənov