Sentyabrın 7-də keçiriləcək imtahanda 449 şagirdin iştirakı nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, habelə eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
Təhlil.az DİM-in məlumatına istinadla xəbər verir ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu imtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).