Separatizmin simvolu tarixə qovuşur – Bakıdan 2 sentyabr mesajı - ŞƏRH

Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin binasının söküntüsünə başlanılıb. Binanın söküntü işlərinə məhz sentyabrın 2-də başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz bu tarix Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Bu gün İrəvanda baş verən prosesləri analiz edəndə məlum olur ki, Azərbaycanın bu addımı məhz 2 sentyabr tarixində atması heç də təsadüfi deyil. Vaşinqton Bəyannaməsindən sonra bir sıra xarici və daxili siyasi qüvvələr hərəkətə keçərək, Qarabağ erməniləri kartından istifadə etməyə başlayıblar. Onlar daha çox aksenti Qarabağ ermənilərinin Azərbaycana qayıtması üzərinə edirlər. Bu isə əslində manipulyativ xarakter daşıyır və məqsəd heç də ermənilərin qayıdışı ilə bağlı deyil. Bu, iki ölkə arasında sülh sazişinin imzalanma prosesinə əngəl olmaq, Ermənistanın nəqliyyat blokdasından çıxaraq, Azərbaycanın rəhbərlik etdiyi beynəlxalq layihələrə qoşulmasının qarşısını almaq məqsədini güdür.
Təsadüfi deyil ki, dünən ATƏT Minsk qrupunun rəsmi ləğvindən sonra Daşnaksütyun başda olmaqla, bir sıra siyasi müxalifət qanadı və Qarabağdakı separatçı rejimin tör-töküntüləri aktivləşib. Səhər saatlarında Samvel Şahramanyanın İrəvandakı Yerablur panteonunda “Artsaxın çağırışı” adlı memorialın açılışında iştirak etməsi də bundan xəbər verir. Bir müddətdir səssizliyə çəkilən Şahramanyanın yenidən aktivləşməsi, keçmiş MTN naziri Artur Vanetsyanın da ona qoşulması, tədbirdə müxalifətin bir sıra simalarının iştirakı da deməyə əsas verir ki, müəyyən siyasi dairələr bu şəxsləri aktivləşdirərək, Qarabağ erməniləri kartından istifadə etməyi qarşısına məqsəd qoyub. Amma tədbirdə iştirakın zəif olması da sübut edir ki, nə yerli ermənilər, nə də Qarabağ erməniləri bu oyunlarda iştirak etmək istəmir.
Paralel olaraq, Robert Köçəryan, Serj Sarqsyan, Kilikiya katalikosu I Aram və digər siyasi qurumların 2 sentyabr tarixi ilə bağlı sərsəm fikir və bəyanatlar səsləndirməsi sübut edir ki, Ermənistanda revanşizm son olaraq, Qarabağ ermənilərindən istifadə etmək niyyətini güdür.
Amma Azərbaycanın məhz 2 sentyabr tarixində Xankəndi şəhərində separatçılara aid binanın söküntü işlərinə başlaması həm İrəvana, həm separatçılara, həm də onun tör-töküntülərinə bir mesajdır. Rəsmi Bakı bu hərəkətlə bildirir ki, Azərbaycanda heç bir separatizmə yer yoxdur və onun istənilən simvolu, uzantısı məhvə məhkumdur. Bu, Azərbaycanın sarsılmaz, dəyişməz mövqeyidir. Separatizmə meyl edən istənilən siyasi qüvvə Dəmir Yumruğu anında hiss edəcək. Elə binanın sökülməsinin məhz 2 sentyabra təsadüf etməsi bunu bir daha sübut edir.
Hikmət Həsənov