Paytaxtda bəzi məktəblər üçün avtobus xidməti test edilir - RƏSMİ

Bakı məktəblərində yeni layihəyə start verilir. Gələcəkdə paytaxtın bəzi təhsil müəssisələrində məktəb avtobuslarının tətbiqi nəzərdə tutulur.
Təhlil.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, 2025–2030-cu illər üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin rahat və təhlükəsiz daşınması üçün məktəb avtobusları ideyası gündəmdədir.
Layihə hazırda pilot mərhələdədir və Bakı şəhərində müəyyən məktəblərdə tətbiq olunacaq. Proses Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilir.
Xatırladaq ki, bir neçə ay əvvəl Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, növbəti tədris ilindən etibarən bu sistemin fəaliyyətə başlaması planlaşdırılır:
“Artıq bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn mərhələsində icra edirik. Əhalinin və tıxacın daha çox olduğu ərazilərdə məktəb avtobuslarının təşkili nəzərdə tutulur”.
Qeyd edək ki, bu təşəbbüs həm şagirdlərin təhlükəsizliyinin artırılması, həm də şəhər nəqliyyatındakı yüklənmənin azaldılması baxımından əhəmiyyətli hesab olunur.