Bu gün

Deputat: Rusiya Azərbaycana da öz qoşunlarını məmnuniyyətlə göndərməyə hazırdır - MÜSAHİBƏ

İndi Rusiyada baş verənlər mənə Ronald Reyqanın məşhur sözlərini xatırladır ki, bu, şər imperiyadır və Yekaterinburqda baş verənlərin hamısı polis vəhşiliyi deyil, çünki siyasi qərar olmadan, siyasi dəstək olmadan hüquq-mühafizə orqanları Rusiyada heç vaxt belə oyunlara qol qoymur.

Bu barədə təhlil.az-a Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə məlumat verib.

“Bu vaxta qədər Rusiyada qırğız, özbək, tacik və keçmiş SSRİ-nin digər nümayəndələri ilə oxşar hadisələrin baş verməsi şər imperiyanın öz imperiyasını bütövlükdə bərpa etmək arzusu ilə qayıtdığını nümayiş etdirdi”, - deputat vurğulayıb.

Mollazadənin sözlərinə görə, bu prosesi Rusiyanın 2022-ci ilin fevralında xaincəsinə Ukraynaya hücuma keçməsində birbaşa görmək olar.

"Bütün dünya Ukraynada qadınların, uşaqların, qocaların öldürülməsinə, insanların bombalar altında qalmasına tamaşa edir. Rusiya terror səpmək üçün şəhərləri bombalayır, dinc insanları güllələyir. Yekaterinburqda azərbaycanlılara qarşı aksiya ilə imperiya gəlişinə bir daha işarə edir. Eyni zamanda imperiya deyir ki, əgər mənim bərpa olunmağıma müqavimət göstərsəniz, sizə çox ciddi problemlər yarada bilərəm. Yəni, bu gün Rusiyanın siyasi rəhbərliyinin onlara məlum olan üsullarla günahsız insanları qətlə yetirməsinin, terror üsullarından istifadə edərək Sovet İttifaqını bərpa etmək cəhdlərinin şahidi oluruq”, - deyə Asim Mollazadə qeyd edib.

Demokratik İslahatlar Partiyasının sədri müxtəlif Kreml qüllələrinin mövcudluğu məsələsindən də danışıb:

“Müxtəlif Kreml qüllələri ilə bağlı bütün bu söhbətlər kiməsə haqq qazandırmaq cəhdidir. Əslində, bu ölkənin ali siyasi rəhbərliyi var ki, KQB-nin, QULAQ-ın ənənəvi üsullarından istifadə edərək fəaliyyət göstərir. Yekaterinburqda gördüyümüz Bakıya bu təzyiq cəhdləri isə göstərir ki, Rusiya Ukraynada olduğu kimi Azərbaycana da öz qoşunlarını məmnuniyyətlə göndərməyə hazırdır”, - deyə deputat bildirib.

Rasim Babayev

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?