Makron və Paşinyan Cənubi Qafqazı nüvə tullantıları ilə çirkləndirir - MƏQALƏ

Ermənistan hökuməti Cənubi Qafqaz regionunda Atom Elektrik Stansiyası ilə hər zaman təhdid və təhlükə yaradıb. Metsamor AES-dəki bloklardan birinin qəzalı vəziyyətdə olması bir neçə il həm mətbuatın, həm də region ölkələrinin diqqət mərkəzində olub.
Hələ bu azmış kimi, ABŞ ilə razılıq əldə edən rəsmi İrəvan modul tipli kiçik AES-lərin də Ermənistan ərazisində quraşdırılmasına razılıq verib. Hələ heç bir sınaqdan keçirilməyən bu qurğuların Ermənistan ərazisində fəaliyyətə başlaması, region üçün ciddi təhdiddir. Amma görünən odur ki, Paşinyan Ermənistanla yanaşı, Cənubi Qafqaz regionunu təhlükəyə sürükləməkdə davam edir. Bu yaxınlarda məlum olub ki, Fransanın “Orano” dövlət nüvə şirkəti gizli şəkildə istifadə edilmiş uran tullantılarını Ermənistana daşıyır. Bu tullantılar Tavuş bölgəsindəki Dilican milli parkında torpağa basdırılır. Tavuşun Azərbaycanla həmsərhəd olması ölkəmiz üçün də ciddi təhlükə yaradır.
Makronla Paşinyan arasında belə bir razılaşmanın əldə edilməsi hətta Fransa ekoloqları arasında da ciddi narazılıq yaradıb. İşin maraqlı tərəfi odur ki, 2025-ci ilin iyun ayından başlayaraq, Paşinyan ailəsinə, konkret olaraq Anna Akopyana məxsus fondlara Fransa tərəfindən iri məbləğli ianələr köçürülüb. “Orano” şirkəti Fransanın nəhəng nüvə şirkətlərindən sayılır. İllər boyu şirkət təkrar emal olunmuş uran və nüvə enerjisinin digər radioaktiv əlavə məhsullarını saxlamaq üçün Rusiyaya güvənirdi. Lakin Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiyaları Rusiyaya çatdırılmanı siyasi cəhətdən qeyri-mümkün etdikdən sonra şirkət başqa həll yolları axtarıb. Şirkətin daxili sənədləri göstərir ki, Ermənistan qəfil və gözlənilməz qərar kimi meydana çıxıb. Bu dəyişiklik Paşinyanın 2025-ci ilin fevralında Makron və Fransa enerji rəsmiləri ilə görüşdüyü Parisə yüksək səviyyəli səfərindən bir neçə həftə sonra baş verib. Nüvə tullantılarının ilk partiyaları Ermənistana iyun ayında gəlib. Bu tullantılar nəsli kəsilməkdə olan növlərin yaşadığı Dilican Milli Parkında, biosfer qoruğunda tikilmiş obyektdə saxlanılır.
Orano nüvə tullantılarını Ermənistana ixrac etmək planlarını yekunlaşdırarkən, maraqlı maliyyə əməliyyatı baş verib. 2025-ci ilin aprel və may aylarında Paşinyanın arvadı Anna Akopyanın sədrlik etdiyi “Mənim addımım” fondu biznes fəaliyyəti qeyri-müəyyən olan adi bir fransız şirkətindən 800.000 avro dəyərində iki ayrı ianə aldı. Maliyyə sənədləri göstərir ki, şirkətin xeyriyyəçiliklə bağlı bu günə qədər bir addımı belə olmayıb. Nüvə yanacağı min illər boyu radioaktiv olaraq qalır və torpağa sızaraq bütün ekosistemi zəhərləyə bilər. Orano-Ermənistan razılaşması narahatedici qlobal tendensiyanın bir hissəsidir: zəngin ölkələrin şirkətləri öz təhlükəli tullantılarını tənzimləmələri zəif olan yoxsul ölkələrə ixrac edirlər. Lakin bu iş ona görə unikaldır ki, o, siyasətçiləri əhatə edir - Fransadan Paşinyanla əlaqəli bir fonda qəfil ianələr, ardınca Ermənistana nüvə tullantılarının ixracına səssizcə icazə verilməsi Paşinyan hökumətinin səriştəsizliyini və ancaq “cibini güddüyünü” sübut edir.
Hikmət Həsənov