Ərdoğan Azərbaycana təşəkkür etdi

COP31 üçün hazırlanmış unikal tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaneze, əvvəlki sammitlərdə əldə etdikləri təcrübələri bölüşən Braziliyaya və can Azərbaycana təşəkkür edirik.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyada təbii resurslar həddindən artıq istehlak olunur, ərzaq təhlükəsizliyi risk altındadır.
"Ekoloji həssaslığı bütün qədim sivilizasiyaların, köklü mədəniyyətlərin və dinlərin ortaq dəyərlərindən biridir. Bəşəriyyət olaraq evimizin yalnız bir damı var, o da səmadır. Bizim başqa səmamız, başqa yer kürəmiz, dənizlərimiz, okeanlarımız və meşələrimiz yoxdur.
Lakin bu gün bəşəriyyət həddindən artıq istehlak təsiri ilə tarixinin bəlkə də ən dərin mövcudluq böhranlarından birini yaşayır. Qlobal istiləşmədən biomüxtəlifliyin məhvinə, təbii resursların həddindən artıq istehlakından ərzaq təhlükəsizliyinin risk altında olmasına , ekoloji dağıntılardan qəfil və dağıdıcı iqlim hadisələrinə qədər ciddi problemlərlə üzləşirik.
Yanan bir meşənin, quruyan bir çayın, çirklənən bir dənizin, kəsilən bir ağacın bütün planetə ağrı verdiyini hamımız çox yaxşı bilirik", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, 2026-cı il 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyəti tədbir çərçivəsində keçirilən müzakirə və tədbirlərdə fəal iştirak edərək, ölkəmizin müvafiq sahədə həyata keçirdiyi siyasəti və əldə etdiyi nailiyyətləri təqdim edir.
COP31 çərçivəsində Azərbaycanın “Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanmış milli pavilyonu fəaliyyət göstərir. Pavilyonda Azərbaycanın bərpa olunan enerji potensialı, “Yaşıl enerji dəhlizləri” ekspozisiyası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, ilk batareya əsaslı enerji saxlanc sistemi, eləcə də Xəzər dənizinin biomüxtəlifliyinin qorunması istiqamətində görülən işlər təqdim olunur. Pavilyonda 40-dan artıq tədbir, panel müzakirəsi və görüşün keçirilməsi nəzərdə tutulur.
COP31 Prezidentliyinin üç əsas prinsipi dialoq, konsensus və fəaliyyətdir və fərqli ölkələr arasında səlahiyyət bölgüsü baxımından yeni yanaşma tətbiq edir – təşkilati rəhbərlik Türkiyəyə, danışıqlar prosesinə rəhbərlik isə Avstraliyaya həvalə olunub.
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyasının prioritetləri arasında süni intellekt də yer alır – “Antalya Süni İntellekt öhdəliyi”. Gündəlikdə həmçinin sıfır tullantı, dəniz və okean ekosistemlərinin qorunması, ərzaq təhlükəsizliyi, iqlimə dayanıqlı şəhərlər, iqlim fəaliyyətinin həyata keçirilməsi mexanizmləri, gənclər və təhsil, yaşıl sənayeləşmə, təmiz enerjiyə keçid məsələləri yer alır.
COP31 Azərbaycanın COP29-a ev sahibliyi ilə qazandığı təcrübənin bölüşülməsi, Bakı irsinin davam etdirilməsi və qlobal iqlim gündəliyinə töhfələrinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.