ABŞ-də keçiriləcək aralıq seçkilərində Demokratlar üstünlük qazana biləcəklərmi? - TƏHLİL

2026-cı il noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilər ölkənin siyasi gələcəyinə ciddi təsir göstərə bilər. Seçkilərin əsas mübarizəsi Konqresin hər iki palatasına — Nümayəndələr Palatasına və Senata nəzarət uğrunda gedəcək. Demokratlar mövqelərini gücləndirməyə, respublikaçılar isə prezident Donald Trampın partiyasının parlamentdəki üstünlüyünü qorumağa çalışırlar.
Təkrar seçkilərin keçirildiyi dairələrin əksəriyyəti ənənəvi olaraq demokratların güclü olduğu ərazilərdir. Lakin həmin dairələrdə artıq demokratların təmsil olunması onların əlavə üstünlük qazanmasını çətinləşdirə bilər. Partiyalar arasındakı fərq cəmi 1–3 səs səviyyəsində qala bilər ki, bu da respublikaçıların üstünlüyü qorumaq şansını saxlayır.
ABŞ-də aralıq seçkilərin nəticəsi yalnız ölkə üzrə ümumi səs sayından deyil, ayrı-ayrı ştat və seçki dairələrində qazanılan mandatlardan asılıdır.
Nümayəndələr Palatasında üstünlüyü əldə etmək üçün 218 yer tələb olunur. Hazırkı bölgü belədir: Respublikaçılar Partiyası (çoxluq) – 218 yer, Demokratlar Partiyası (azlıq) – 214 yer, müstəqil – 1 yer, boş yerlər – 2. Oktyabrın sonuna olan seçki proqnozlarından birində demokratların Palatada nəzarəti ələ keçirmək ehtimalı 73% qiymətləndirilir. Senatda isə vəziyyət daha mürəkkəbdir: respublikaçıların mövcud üstünlüyünü aradan qaldırmaq üçün demokratlara bir neçə həlledici ştatda qalib gəlmək lazımdır.
Deməli, demokratların Nümayəndələr Palatasında çoxluq əldə etməsi daha real ssenari hesab olunsa da, onların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi daha çətin görünür.
İqtisadi narazılıq demokratların əsas üstünlüklərindən biri ola bilər. Ərzaq, mənzil, yanacaq və səhiyyə xərclərinin artması seçicilərin hakimiyyətə münasibətinə təsir göstərir. Demokratlar bu narazılıqdan istifadə edərək Tramp administrasiyasının iqtisadi siyasətini tənqid edir və dəyişiklik vəd edirlər.
Digər mühüm amil prezidentin reytinqidir. Reuters/Ipsos-un sentyabr sorğusunda Trampın fəaliyyətini bəyənənlərin göstəricisinin 32% olduğu bildirilirdi. Reytinqin aşağı olması respublikaçı namizədlərin mövqelərini zəiflədə bilər. Bununla belə, prezidentdən narazılıq avtomatik olaraq demokratlara dəstək demək deyil. Seçicilərin alternativ partiyanın proqramına nə dərəcədə inanması da vacibdir.
Seçici fəallığı da nəticəyə ciddi təsir göstərəcək. Demokratlar tərəfdarlarını səsverməyə gətirə bilsələr, rəqabətli dairələrdə əlavə mandatlar qazana bilərlər. Lakin respublikaçıların da öz seçicilərini səfərbər etməsi demokratların üstünlüyünü məhdudlaşdıra bilər.
Demokratların uğurunu təmin edə biləcək əsas məqam, respublikaçıların üstünlük təşkil etdiyi rəqabətli dairələrdə qalib gəlməkdir. Ölkə üzrə daha çox səs toplamaq Konqresdə avtomatik çoxluq əldə etmək demək deyil.
Bundan başqa, seçkiqabağı sorğuların nəticələri dəyişə, qərarsız seçicilər son anda mövqelərini müəyyənləşdirə bilər. İqtisadi vəziyyətin seçkilərə qədər yaxşılaşması respublikaçıların mövqelərini gücləndirə, yaşayış xərclərinin artmaqda davam etməsi isə demokratların arqumentlərini daha inandırıcı edə bilər.
Demokratların ənənəvi olaraq güclü olduğu dairələrdə əlavə səs qazanması çətinləşə bilər. Bir neçə həlledici dairədə kiçik fərqlərlə məğlubiyyət onların ümumi seçki nəticəsinə ciddi təsir göstərə bilər. Çünki seçkilər əsasən Demokratların üstünlük təşkil etdiyi dairələrdə olacaq. Yəni, seçkilər tam şəkildə Senata deyil, təxminən yerlərin üçdə birinə (hər 2 ildən bir yerlərin bir hissəsi dəyişir) yenidən seçilir.
Demokratlar qalib gəlsə, nə dəyişəcək?
Demokratlar Nümayəndələr Palatasında çoxluq əldə etsələr, Tramp administrasiyasının fəaliyyətinə nəzarəti gücləndirə, araşdırmalar apara və hökumətin qanunvericilik təşəbbüslərinə maneələr yarada bilərlər. Lakin Senat respublikaçıların nəzarətində qalarsa, demokratların imkanları məhdud olacaq.
Əgər demokratlar hər iki palatada çoxluq qazansalar, prezidentin qanunvericilik təşəbbüslərini həyata keçirməsi daha da çətinləşəcək. Bununla belə, bu nəticə Trampın bütün siyasətinin dayandırılması demək deyil: prezident veto hüququna malikdir və bir sıra qanunvericilik qərarları üçün hər iki partiyanın dəstəyi tələb oluna bilər.
Respublikaçılar hər iki palatada üstünlüyü qoruyarlarsa, Tramp administrasiyası qanunvericilik gündəliyini həyata keçirmək üçün daha əlverişli şərait əldə edəcək.
2026-cı il aralıq seçkilərində demokratların Nümayəndələr Palatasında üstünlük qazanmaq şansları daha yüksək görünür. Senatda isə respublikaçıların mövqelərini qoruması real ehtimal olaraq qalır.
Azadxan Axundov