Bu gün

Yol hərəkəti təhlükəsizliyində Azərbaycan regionun lideridir - ARAŞDIRMA

Yol-nəqliyyat hadisələri müasir dünyada ciddi sosial və ictimai təhlükəsizlik problemlərindən sayılır. Qloballaşma, urbanizasiya və nəqliyyat vasitələrinin sayının sürətlə artması yol hərəkətinin intensivliyini yüksəltməklə yanaşı, risk amillərini də artırır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada təqribən 1 milyon 250 min insan yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insanın ölümü deməkdir. Xüsusilə 15–29 yaşlı insanların ölüm səbəbləri arasında yol qəzaları birinci yeri tutur. Yol-nəqliyyat hadisələri yalnız insan itkisi ilə yekunlaşmır, həm də dünya iqtisadiyyatına ildə təxminən 500 milyard ABŞ dolları məbləğində zərər vurur. Bu statistika göstərir ki, yol hərəkəti təhlükəsizliyi təkcə nəqliyyat sektorunun deyil, sosial siyasətin, səhiyyənin və iqtisadiyyatın da mühüm problemidir. Qəzalar nəticəsində əmək qabiliyyətinin itirilməsi, uzunmüddətli müalicə xərcləri və sosial təminat yükü iqtisadiyyata ciddi təsir göstərir.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi insan amilinə xidmət edən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Məqsəd ictimai məlumatlandırma və maarifləndirmə yolu ilə qəzaların sayını minimuma endirməkdir. Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” yol-nəqliyyat hadisələrinin və onların sosial-iqtisadi nəticələrinin azaldılmasına xidmət edən mühüm sənəd olub. Proqram çərçivəsində normativ-hüquqi bazanın yenilənməsi, infrastrukturun müasirləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi təmin edilib.

Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı təhlilə görə, 2025-ci ildə Azərbaycanda 1252 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 12,3 faiz və ya 175 hadisə azalma deməkdir. 2024-cü ildə 1427, 2023-cü ildə 1636, 2022-ci ildə isə 1668 yol-nəqliyyat hadisəsi baş verib. Son illərin dinamikası ümumi azalma tendensiyasını göstərir.

Müqayisə üçün qeyd edək ki, ötən il Gürcüstanda 5969, Ermənistanda isə 4784 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Əhali sayı, avtomobil parkının həcmi, yol şəbəkəsinin uzunluğu və urbanizasiya səviyyəsi fonunda bu rəqəmlər Azərbaycanın daha aşağı göstəriciyə malik olduğunu təsdiqləyir. Bu isə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.

Yol hərəkəti təhlükəsizliyi “insan – nəqliyyat vasitəsi – yol” sisteminin qarşılıqlı fəaliyyətindən asılıdır. Statistik göstəricilər göstərir ki, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin böyük hissəsi sürücülərin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaları ilə bağlıdır. Sürət həddinin aşılması, ara məsafəsinin gözlənilməməsi, təhlükəli manevrlər, sükan arxasında diqqətsizlik, yuxusuzluq, mobil telefondan istifadə və sərxoş vəziyyətdə avtomobil idarə etmək qəzaların əsas səbəbləri sırasındadır.

Nəqliyyat vasitələrinin sayı və texniki vəziyyəti də təhlükəsizliyə təsir edən mühüm amildir. Son illərdə demoqrafik artım və rifah səviyyəsinin yüksəlməsi ölkədə avtomobil parkının genişlənməsinə səbəb olub. Bununla yanaşı, köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrinin istismarı qəza riskini artırır.

Azərbaycan idxal edilən yeni və müasir avtomobillərin sayına görə regionun lideridir. Son beş ilin dinamikası göstərir ki, 2025-ci ildə minik avtomobili idxalı rekord səviyyəyə çatıb. Ötən il ölkəyə idxal olunan minik avtomobillərinin statistik dəyəri 2,14 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 36,7 faiz artım deməkdir.

Yol infrastrukturunun müasirləşdirilməsi də təhlükəsizliyin əsas şərtlərindəndir. Son onilliklərdə Azərbaycanda beynəlxalq standartlara cavab verən magistral yollar tikilib və yenidən qurulub. Yol qovşaqlarının müasirləşdirilməsi, yeraltı və yerüstü piyada keçidlərinin inşası, işıqlandırma sistemlərinin təkmilləşdirilməsi və elektron nəzarət vasitələrinin tətbiqi təhlükəsizlik səviyyəsinin yüksəlməsinə xidmət edib.

Hadisələrin sayındakı azalma fonunda ölən və zərərçəkənlərin sayında da azalma müşahidə olunur. 2025-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 1026 nəfər yaralanıb, 689 nəfər həlak olub. 2024-cü illə müqayisədə yaralananların sayı 8,2 faiz, həlak olanların sayı isə 9,8 faiz azalıb. Müasir yol infrastrukturu, yeni avtomobillərin artan payı, dövlət proqramları çərçivəsində aparılan maarifləndirmə tədbirləri və hüquqi məsuliyyət mexanizmlərinin sərtləşdirilməsi bu azalmanın əsas səbəbləri kimi göstərilə bilər.

Media Təhlil Mərkəzinin statistik təhlili göstərir ki, son illərdə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma tendensiyası mövcuddur. Lakin bu müsbət nəticələr arxayınlaşmaq üçün əsas vermir. Yol hərəkəti təhlükəsizliyinin davamlı şəkildə yaxşılaşdırılması üçün sürücü mədəniyyətinin yüksəldilməsi, piyadaların davranış qaydalarına əməl etməsi, texniki nəzarətin gücləndirilməsi və infrastrukturun modernləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?