15 may

“Qarabağ klanı” ilə hesablaşma vaxtı - MƏQALƏ

Ermənistan parlamentində bu dəfə müzakirə qanun layihəsi yox, keçmişin kölgələri idi. Baş nazir Nikol Paşinyanın çıxışı sadəcə sətiraltı mesaj deyildi. Bu, birbaşa hücum idi. Hədəfdə isə köhnə qvardiyanın iki məşhur üzvü: Robert Köçəryan və Serj Sarkisyan.

Nikol Paşinyan “müxalifətə jest etdik” demədi, “hələ ki, həbs etməmişik” dedi. Bu, artıq siyasi zarafat yox, hüquqi xəbərdarlıq idi. Baş nazir açıq şəkildə bəyan etdi ki, cinayət məsuliyyətindən yayınan keçmiş rəhbərlərin bu gün azadlıqda olması Ermənistan dövlətinin “lütfü”dür. Ancaq bu lütf uzun çəkməyə bilər.

Köçəryan və Sarkisyan Ermənistanın “Qarabağ klanı” olaraq tanınan, həm Qarabağ müharibəsində, həm də sonrakı siyasi repressiyalarda adı hallanan simalarıdır. Onların rəhbərlik etdiyi illər ərzində seçki saxtakarlıqları, iqtisadi monopoliyalar və ən əsası, Qarabağda qanlı səhifələr yazılıb. Nə qədər qəribə səslənsə də, bu siyasət nə Ermənistanın inkişafına töhfə verdi, nə də Qarabağ münaqişəsinin həllinə xidmət etdi. Əksinə, Ermənistan 20 illik bu siyasətin nəticəsində regiondan təcrid olundu, sosial-iqtisadi uçuruma yuvarlandı və 2020-ci ildə hərbi məğlubiyyət yaşadı.

Paşinyan indi yeni mərhələyə keçmək istəyir. Keçmişlə hüquqi hesablaşma mərhələsinə. Bu, təkcə siyasi deyil, həm də psixoloji dönüş nöqtəsidir. Keçmişin toxunulmaz liderlərinin məhkəmə qarşısına çıxarılması Paşinyanın öz siyasi həyatını da riskə atması deməkdir. Amma görünür, o, bu riski götürməyə hazırdır.

Köçəryan isə səhnəyə özü çıxmadı, oğlunu göndərdi. Levon Köçəryan atasının varisi kimi tribuna qarşısına keçsə də, siyasi baxımdan hələ də “çırpınan kölgə” təsiri bağışladı. Onun parlamentdəki emosional çıxışı, daha sonra isə zaldan tələsik çıxması göstərdi ki, bu düşərgə hələ də özünü toparlaya bilməyib. Lider yox, nostalji ilə yaşayan bir qrupun portretini xatırladırlar.

Əgər Ermənistan cəmiyyəti doğrudan da “yeni dövr” istəyirsə, bu proses burada bitməməlidir. Paşinyanın ritorikası real hüquqi addımlarla davam etməlidir. İttiham olunanların yalnız rüşvət deyil, regionda müharibəyə səbəb olan separatçılıq siyasətinə görə də mühakimə olunması həm Ermənistana, həm də Cənubi Qafqaza ciddi siqnal olacaq. Keçmiş cinayətlər unudulmur və cəzasız qalmır.

Bu gün Ermənistanın tribunalarında danışılan “ədalət” sözü sabah məhkəmə salonlarında hökmə çevrilməlidir. Yoxsa “keçmiş” bir gün daha amansız şəkildə geri dönə bilər. Paşinyanın siyasəti bu dəfə “danışıb getmək” yox, “danışıb məhkəməyə aparmaq” olmalıdır.

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?