İran universitetlərində yenidən etiraz dalğası – Tehranda toqquşmalar

İranda tələbə hərəkatı yenidən alovlanır.
Təhlil.az xəbər verir ki, ölkənin ən böyük ali məktəblərinin tələbələri hökumətə qarşı etiraz üçün küçələrə çıxıblar.
Bu, yanvar ayında keçirilən aksiyaların sərt şəkildə yatırılmasından sonra baş verən ilk genişmiqyaslı tələbə nümayişi kimi qiymətləndirilir.
Etirazlar son toqquşmalarda həyatını itirənlərin xatirəsinə həsr olunan anım tədbirləri ilə eyni vaxta təsadüf edib. Lakin anım mərasimləri qısa zamanda siyasi şüarlarla müşayiət olunan aksiyalara çevrilib.
Paytaxt Tehranda, xüsusilə Şərif Texnologiya Universiteti ətrafında vəziyyət daha da gərginləşib.
Məlumatlara görə, etirazçılarla hökumətyönlü könüllü dəstələr – Bəsic üzvləri arasında toqquşmalar yaşanıb.
Sosial şəbəkələrdə yayılan videolarda tələbələrin “Utan!” şüarları səsləndirdiyi, milli bayraqlar qaldırdığı görünür. Hüquq-mühafizə orqanlarının əraziyə əlavə qüvvə cəlb etdiyi bildirilir.
Ölkə daxilində yüzlərlə anım tədbiri keçirilsə də, universitet şəhərcikləri etirazların əsas mərkəzinə çevrilib. Hazırda vəziyyətin nəzarət altına alınıb-alınmadığı barədə rəsmi açıqlama verilməyib.
Analitiklər hesab edir ki, tələbə etirazlarının yenidən baş qaldırması İranda sosial-siyasi gərginliyin hələ də səngimədiyini göstərir.