PKK və Qarabağda Azərbaycanın qələbəsi: İlham Əliyevin strateji zəfəri və Türkiyənin güclənməsi - TƏHLİL

Azərbaycanın 2020-ci ildə Qarabağda əldə etdiyi tarixi qələbə regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi. Bu qələbə təkcə hərbi sahədə deyil, siyasi və diplomatik müstəvidə də strateji uğur kimi qiymətləndirilir. Bu uğurun baş memarı isə Prezident İlham Əliyevdir. Onun dəqiq və uzaqgörən liderliyi, milli maraqlara əsaslanan siyasəti Azərbaycanın gücünü həm döyüş meydanında, həm də beynəlxalq arenada özünü təsdiqlədi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü strategiya nəticəsində Azərbaycan işğal altındakı torpaqlarını azad etməklə yanaşı, həmin ərazilər üzərində tam nəzarəti də təmin etdi. Bu isə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, həm də regionda qeyri-qanuni silahlı qruplaşmaların, o cümlədən PKK-nın sığınacaq və təlim düşərgələri yaratmaq imkanlarının tamamilə aradan qaldırılması deməkdir.
İşğal dövründə bəzi hesabatlara əsasən, Ermənistanın dəstəyi ilə PKK-ya bağlı silahlı qruplar Dağlıq Qarabağ və ətraf ərazilərdə təhlükəsiz bölgələr (safe haven) və gizli təlim bazaları formalaşdırmaq imkanı əldə etmişdi. Bu fakt regionda Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən terror şəbəkələrinin inkişafı üçün real təhlükə idi. Lakin Azərbaycanın qətiyyəti və müasir hərbi gücü bu planların qarşısını aldı.
Müharibədən sonra azad edilmiş ərazilərdə tam suverenlik bərpa olundu və dövlət nəzarəti gücləndirildi. Təhlükəsizlik strukturları, sərhəd xidmətləri və yeni hərbi infrastruktur bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərə, xüsusilə PKK-nın yenidən mövqe tutmaq cəhdlərinə qarşı güclü sipər rolunu oynayır.
Eyni zamanda, Türkiyənin regionda artan təsiri və Ankara-Bakı hərbi əməkdaşlığının genişlənməsi, PKK-nın regionda manevr imkanlarını daha da daraltdı. Ermənistan isə hazırkı geosiyasi reallıqlar fonunda PKK kimi təşkilatlara hər hansı dəstək vermək imkanından və marağından getdikcə uzaqlaşır. Çünki Ermənistanın özü iqtisadi və siyasi təzyiqlərlə üz-üzədir və sülh gündəliyinə daha çox ehtiyac duyur.
Nəticə etibarilə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə əldə edilən Qarabağ qələbəsi təkcə Azərbaycanın tarixi ədalətini bərpa etmədi, həm də regionda terrorizmin yuva qurmasına imkan verən boşluqları aradan qaldırdı. Bu, həm Azərbaycan, həm də bütün region üçün uzunmüddətli təhlükəsizliyin və sabitliyin təminatıdır.
TƏHLİL ANALİTİK QRUP