Almaniya Ukraynaya bitişik NATO ərazisində hərbi qüvvələr yerləşdirə bilər

Almaniya Ukraynada mümkün atəşkəsin təmin olunması istiqamətində səylərə töhfə verməyə, o cümlədən Ukraynaya bitişik NATO ərazisində öz hərbi qüvvələrini yerləşdirməyə hazırdır.
Təhlil.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Parisdə keçirilən “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Kanslerin sözlərinə görə, Almaniya bundan sonra da Ukraynaya siyasi, maliyyə və hərbi dəstək göstərməyə davam edəcək. O qeyd edib ki, atəşkəs əldə olunduqdan sonra Ukrayna ilə həmsərhəd NATO ərazisində Almaniya hərbi qüvvələrinin yerləşdirilməsi bu töhfənin mümkün formalarından biri ola bilər.
Merz vurğulayıb ki, Almaniyanın bu prosesdə iştirakı ilə bağlı forma və miqyas məsələləri yalnız şərtlər tam aydınlaşdıqdan sonra federal hökumət və Bundestaq tərəfindən müəyyən ediləcək. Kanslerin sözlərinə görə, hökumət prinsip etibarilə heç bir variantı əvvəlcədən istisna etmir.