Bu gün

18 yaşadək işçilərlə bağlı yeni mexanizm

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərin əmək hüquqlarının qorunmasına yönəlmiş yeni mexanizm tətbiq olunub.

Təhlil.az xəbər verir ki, yeniliyə əsasən, bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən az göstərilməsi artıq texniki baxımdan mümkün deyil. Belə ki, 16 yaşınadək işçilər üçün minimum 42 təqvim günü, 16–18 yaş arası işçilər üçün isə 35 təqvim günü məzuniyyət avtomatik olaraq sistem tərəfindən tələb olunur.

Bununla yanaşı, iş vaxtı ilə bağlı da ciddi məhdudiyyətlər tətbiq edilib. Sistem 16 yaşınadək işçilər üçün həftəlik 24 saatdan, 16–18 yaş arası işçilər üçün isə 36 saatdan artıq iş vaxtının daxil edilməsinə imkan vermir.

Rəsmi məlumata görə, bu yenilik 16–18 yaşlı şəxslərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, həmçinin ƏMAS-da məlumatların daha düzgün və şəffaf formalaşdırılmasına xidmət edir.

Eyni zamanda, ƏMAS-a əlavə edilən yeni funksionallıq işçilərə real vaxt rejimində həm əsas, həm də əlavə iş yerləri barədə arayışları elektron şəkildə əldə etmək imkanı yaradır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?