Bu gün

Azərbaycan Ermənistanın enerji bazarında dəyişikliklərə start verir - TƏHLİL

Enerji təhlükəsizliyi bu gün hər bir dövlətin milli təhlükəsizlik strategiyalarında xüsusi yer tutur. Davamlı, əlçatan və sərfəli enerji resursları isə təkcə iqtisadi inkişafın deyil, eyni zamanda sosial sabitliyin və siyasi müstəqilliyin mühüm şərtidir. Bu kontekstdə Cənubi Qafqaz regionunda Ermənistan üçün enerji təhlükəsizliyi daha da həssas məsələdir. Məhdud daxili resurslar, regional kommunikasiyalardan kənarda qalma və yüksək idxal asılılığı ölkənin enerji sistemini ciddi risklər qarşısında qoyur. Bu səbəbdən Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyində mümkün rolu İrəvanda getdikcə daha çox diqqət çəkir. Çünki Azərbaycanla əməkdaşlıq enerji sahəsində Ermənistan üçün tamamilə yeni perspektivlər aça bilər.

Ermənistanın enerji təminatı əsasən üç mənbəyə əsaslanır: “Metsamor” Atom Elektrik Stansiyası, idxal olunan təbii qaz və bərpa olunan enerji mənbələri. Təbii qaz idxalının böyük hissəsi Rusiyanın, qalan hissəsi isə İranın payına düşür. “Metsamor” AES isə artıq istismar müddətini xeyli aşmış, köhnə texnologiya ilə işləyən qurğudur və həm təhlükəsizlik, həm də davamlılıq baxımından ciddi narahatlıq doğurur. Bərpa olunan enerji isə ümumi enerji istehsalında hələ də kiçik paya sahibdir. Bundan əlavə, ölkənin benzin və dizel yanacağına olan tələbatı da tam şəkildə idxal hesabına təmin edilir. Mövcud vəziyyət göstərir ki, diversifikasiya və regional əməkdaşlıq olmadan Ermənistanın uzunmüddətli enerji təhlükəsizliyi təmin oluna bilməz.

İrəvanda yaxşı anlayırlar ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş enerji infrastrukturlarına və regionda həyata keçirilən enerji layihələrində aparıcı rola malik dövlətdir. Bu kontekstdə Bakı ilə əməkdaşlıq Ermənistan üçün çoxsaylı üstünlüklər yarada bilər. Gürcüstan təcrübəsi bunun ən real nümunəsidir: Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq Gürcüstana böyük iqtisadi dividendlər qazandırıb. Eyni imkanlardan Ermənistanın da yararlanması üçün artıq müəyyən zəmin formalaşır.

Azərbaycan öz ərazisindən Ermənistana yönəlik tranzit embarqosunu ləğv etdikdən sonra neft və neft məhsullarının bu ölkəyə tədarükü ilə bağlı müzakirələr başlayıb. Bu məsələ Azərbaycan və Ermənistan arasında Qəbələdə keçirilən görüşdə gündəmə gətirilib. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Azərbaycandan neft və neft məhsullarının idxalı ilə bağlı danışıqlar aparılıb və əməkdaşlıq üçün real imkanlar mövcuddur.

O qeyd edib ki, yanacaq idxalının həcmi, hansı erməni şirkətlərinin Azərbaycan neftində maraqlı olması, qiymət siyasəti və Rusiyadan idxal edilən yanacaqla rəqabət məsələləri artıq bazar prinsipləri əsasında özəl şirkətlər tərəfindən müəyyən ediləcək.

Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan da Azərbaycanın yanacağını idxal etmək üçün bir neçə erməni şirkətinin danışıqlara başladığını təsdiqləyib. O, ticarət sirlərinə istinad edərək şirkətlərin adlarını açıqlamayıb və qeyd edib ki, yanacağın rəqabətədavamlı olub-olmadığını bazar göstərəcək: “Əgər rəqabətədavamlıdırsa, bazara daxil olacaq. Dövlətin işi rəqabətə müdaxilə etmək deyil, biznes üçün imkan yaratmaqdır”.

Hazırda Ermənistanın yanacaq bazarında bir neçə iri şirkət lider mövqeyə malikdir. Aşot Salazaryana məxsus “CPS Energy Group”, Barseq Beqlarayanın “Flash” şirkəti və “Max Oil” bu bazarın əsas oyunçularındandır. Bundan başqa, hakim partiyanın deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsus olan “Sil Capital”ın tərkibinə daxil “Mega Trade” də bazarda aktivdir.

Rəsmi məlumatlara görə, Ermənistan ötən il 490 min ton yanacaq idxal edib və bunun 62 faizi, yəni 300 min tonu Rusiyanın payına düşüb. Azərbaycan benzininin Ermənistan bazarına daxil olmasının qiymətlərə necə təsir göstərəcəyi barədə İrəvanda maraq böyükdür. Çünki Azərbaycanda benzinin 1 litri təxminən 0,6 dollar, Ermənistanda isə 1,36 dollar təşkil edir. Erməni iqtisadçı Suren Parsyan qeyd edir ki, SOCAR Gürcüstanda rəqabətədavamlı qiymətlər təklif edir və perspektivdə bu model Ermənistan üçün də keçərli ola bilər. Artıq Ermənistan tərəfi Azərbaycanın yanacağının ilk mərhələdə Gürcüstan ərazisindən dəmir yolu ilə pulsuz daşınacağını açıqlayıb.

Bütün bu proseslər göstərir ki, Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyində rol oynaması üçün yeni imkanlar yaranıb. Perspektivdə təbii qaz və elektrik enerjisi üzrə də əməkdaşlıq modelləri istisna edilmir. Uzun illər davam edən münaqişə, işğal siyasəti və nəqliyyat-kommunikasiya xətlərinin bağlı olması belə bir əməkdaşlığı mümkünsüz edirdi. Lakin Azərbaycanın dəfələrlə vurğuladığı kimi, regional layihələrdə iştirak sülh və beynəlxalq hüquqa hörmət prinsipləri çərçivəsində mümkündür. Ermənistanın bu yanaşmanı qəbul etməsi enerji sahəsində əməkdaşlığın açarı ola bilər.

Azərbaycanın bu prosesdə rolu yalnız iqtisadi deyil, həm də strateji və diplomatik xarakter daşıyır. Enerji əməkdaşlığı Ermənistanı regional izolyasiyadan çıxara, Cənubi Qafqazda qarşılıqlı asılılıq əsasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verə bilər. Bu isə regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanlar yarada bilər.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?