Gürcüstan Azərbaycana qarşı təzyiq alətinə çevrilir? - MƏQALƏ

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sosial mediada paylaşdığı məlumatlar və Azərbaycan mediasında yer alan xəbərlər iki ölkə arasında tranzit daşımaları sahəsində ciddi problemlərin yarandığını göstərir.
Saakaşvili bu vəziyyəti Rusiyanın Gürcüstan üzərindən Azərbaycana qarşı logistik təzyiq göstərmək cəhdi kimi şərh edir.
Azərbaycanın Avropa və Qara dəniz istiqamətlərinə çıxışında Gürcüstan ərazisindən keçən dəmir yolu və avtomobil yolları strateji əhəmiyyət daşıyır. Mərkəzi Asiyadan Qərbə yüklərin daşındığı əsas marşrut olan bu dəhlizdə istənilən gecikmə Azərbaycanın tranzit imkanlarına zərbə vurur.
Saakaşvili paylaşımında “Tbilisi artıq Azərbaycan üçün yükdaşımalar problemi yaradıb” fikrini səsləndirir. Bu, Gürcüstan hökumətinin qərar və addımlarının logistik maneələrə səbəb olduğu ehtimalını artırır. Məsələnin süni gecikmələr, tarif dəyişiklikləri və ya infrastruktur məhdudiyyətləri ilə bağlı ola biləcəyi bildirilir.
Azərbaycan mediasında isə yaranmış vəziyyətin arxasında Rusiyanın məqsədli təsirinin durduğu iddia olunur. Saakaşvili də bu yanaşmanı “ədalətli” adlandırır. Gürcüstanın siyasi kursuna təsir etmək imkanına malik olan Moskvanın bu yolla Orta Dəhlizə təzyiq göstərdiyi istisna edilmir.
Hazırda Azərbaycan Mərkəzi Asiya–Qərb xəttində tranzit liderinə çevrilməkdədir. Gürcüstan vasitəsilə yaranan maneələr Orta Dəhlizin cəlbediciliyini azalda, logistik axınlarda gecikmələr yarada bilər. Saakaşvili həmçinin Kiyevdəki Azərbaycan səfirliyinin bombalanması ilə Gürcüstanda logistika probleminin yaranması arasında paralellik quraraq, Moskvanın rəsmi Bakının Ukrayna məsələsində balanslı mövqeyindən narazı ola biləcəyinə işarə edir.
Beləliklə, yaranan son hadisələr Gürcüstanın tranzit imkanlarının siyasi alətə çevrildiyini göstərir. Əgər Gürcüstan hökumətinin addımları həqiqətən Rusiya maraqlarına uyğunlaşırsa, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün yeni geosiyasi risklər yaradır.
Rəsmi Bakı problemi diplomatik kanallar vasitəsilə həll etməyə çalışsa da, Tbilisinin Moskva ilə yaxınlaşması fonunda oxşar gərginliklərin təkrarlanma ehtimalı yüksək qiymətləndirilir.
Bu fon Azərbaycan üçün tranzit alternativlərinin, xüsusilə də Zəngəzur dəhlizinin aktivləşdirilməsinin əhəmiyyətini daha da artırır və regionun mürəkkəb geosiyasi reallığını bir daha önə çıxarır.
Azadxan Axundov