05 may

Azadlıq və sülhün ünvanı: Azərbaycan - MƏQALƏ

Dünya bu gün mürəkkəb geosiyasi transformasiyaların astanasındadır. Qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, regionlarda baş verən lokal münaqişələrin genişlənməsi və diplomatik əlaqələrin sürətlə dəyişməsi bütövlükdə beynəlxalq sabitliyə ciddi təhdid yaradır. Belə bir şəraitdə Azərbaycanın nümayiş etdirdiyi aktiv və balanslı xarici siyasət xətti onu getdikcə daha çox sülh təşəbbüslərinin mərkəzinə gətirir.

Azərbaycanın vasitəçilik missiyası artıq konkret nəticələr verir. Aprel ayında Bakıda Türkiyə və İsrail Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşü Suriyada baş verə biləcək hərbi qarşıdurmanın qarşısını almaqda həlledici rol oynayıb. Görüş zamanı hər iki tərəfin regional maraqları müzakirə olunub, gələcək dialoqun davam etdirilməsi qərara alınıb. Türkiyə və İsrail nümayəndələri Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndirərək Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Azərbaycanın Suriyada sülh və stabilliyin bərqərar olması üçün göstərdiyi səylər bununla bitmir. Son aylar ölkəmiz yeni Suriya hökuməti ilə əlaqələri genişləndirir. Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri çərçivəsində keçid dövrü Prezidenti Əhməd Əl Şaraa və digər rəsmi şəxslərlə aparılan danışıqlar bu istiqamətdə atılmış mühüm addımdır. Müzakirələr nəticəsində əldə olunan razılaşmalar Azərbaycan-Suriya münasibətlərində yeni bir səhifə açır.

Digər mühüm məqam isə Azərbaycan ərazisində Rusiya və Suriya xüsusi xidmət orqanlarının görüşünün baş tutmasıdır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda keçirilən “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” beynəlxalq forumu çərçivəsində Suriyalı həmkarı ilə konstruktiv danışıqlar apardığını bildirib. Bu görüş Azərbaycanın həm Moskva, həm də Dəməşq üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

Artıq bir çox beynəlxalq media orqanları Azərbaycanın bölgədə vasitəçi rolunun daha da genişlənə biləcəyi fikrini irəli sürür. Xüsusilə İsrail, ABŞ və İran arasında son dövrlərdə artan gərginlik fonunda Azərbaycanın bu üçbucaqda potensial dialoq körpüsünə çevrilə biləcəyi tez-tez vurğulanır. “Israel National News” nəşri Azərbaycanın həm Qərblə, həm də Rusiya və İranla bərabər səviyyədə münasibətlər saxlamasını, geostrateji mövqeyini və diplomatik neytrallığını əsas gətirərək bu fikri əsaslandırır.

Hazırda Azərbaycanın həm İranla, həm də İsraillə yüksək səviyyəli münasibətləri mövcuddur. İran Prezidenti Məsud Pezeşkianın Bakıya ilk rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Digər tərəfdən, Azərbaycanın ABŞ və İsraillə siyasi və enerji sahələrində sıx əməkdaşlığı ölkəmizin bu üçtərəfli gərginlikdə balanslaşdırılmış vasitəçi ola biləcəyini təsdiqləyir.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycanın bu cür təşəbbüsləri təsadüfi deyil. Bu, uzun illər ərzində formalaşmış etibarlı və çoxvektorlu diplomatiyanın, beynəlxalq etimadın və prezident səviyyəsində düşünülmüş xarici siyasətin nəticəsidir. Regionun və dünyanın qarşıdurmalara deyil, qarşılıqlı anlaşma və dialoqa ehtiyacı olduğu bir zamanda Azərbaycanın sülh platforması kimi önə çıxması həm öz milli maraqlarına, həm də qlobal sabitliyə xidmət edir.

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?