Regionlarda məşğulluq dövlət siyasətinin əsas prioritetinə çevrilir - ŞƏRH

Məşğulluq hər bir ölkənin sosial-iqtisadi tərəqqisinin və sabitliyinin əsas göstəricilərindən biridir. Əhalinin işlə təmin edilməsi, gəlir səviyyəsinin yüksəlməsi və yoxsulluğun azalması birbaşa əmək bazarının sağlamlığı ilə bağlıdır. Bu baxımdan, Azərbaycanda məşğulluq siyasəti daim dövlət diqqətindədir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, bu ilin avqustun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 355,4 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 74,2 min nəfər təşkil edib. Bu göstərici ölkədə məşğulluq səviyyəsinin yüksək olduğunu bir daha təsdiqləyir. Bununla belə, hökumət əldə olunan nəticələrlə kifayətlənmir və xüsusilə regionlarda məşğulluq imkanlarını genişləndirmək üçün ardıcıl addımlar atır.
Regionlarda məşğulluq məsələsi sosial siyasətin prioritet istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra icra başçıları ilə görüşündə bu məsələnin vacibliyinə xüsusi diqqət çəkib:
“Bölgələrdə məşğulluq əsas prioritetlərdən biridir. Azərbaycanda son illər işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Lakin bu gün də regionlardan böyük şəhərlərə, xüsusilə Bakıya miqrasiya meyilləri mövcuddur. Bunun başlıca səbəblərindən biri bölgələrdə iş imkanlarının məhdud olmasıdır”.
Dövlət başçısı vurğulayıb ki, hökumət regionlarda yeni iş yerlərinin yaradılması üçün müxtəlif mexanizmlər tətbiq edir — yeni müəssisələr açılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı genişləndirilir.
“On minlərlə insan özünüməşğulluq proqramı ilə əhatə olunub. Yerli rəhbərlər sahibkarlara dəstək göstərməli, iş yerlərinin yaradılması üçün şərait formalaşdırmalıdırlar. Yerli istehsalın genişləndirilməsi həm məşğulluğu artırır, həm də iqtisadi müstəqilliyi gücləndirir”.
Son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində sənaye parkları, aqroparklar, logistika mərkəzləri və emal müəssisələri yaradılıb. Kənd təsərrüfatı sahəsində minlərlə yeni iş yeri formalaşıb. Dövlət məşğulluq siyasətində yeni yanaşmalar tətbiq edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “Məşğulluq strategiyası”, “Özünüməşğulluq proqramı” və “Gənclərin məşğulluq təşəbbüsləri” regionlarda insanların gəlir əldə etmə imkanlarını genişləndirir.
Özünüməşğulluq proqramı çərçivəsində minlərlə vətəndaş dövlət dəstəyi ilə kiçik biznes qurub — heyvandarlıq, arıçılıq, toxuculuq, xidmət sahələri və digər istiqamətlərdə fəaliyyətə başlayıb. Dövlət Məşğulluq Agentliyi bu ilin 10 ayında 491,8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 158 min nəfər münasib işlə təmin olunub, 16,3 min nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Həmçinin 15,5 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 302 min nəfərə peşəyönümü xidmətləri göstərilib.
Bölgələrdə məşğulluğun artırılmasında kənd təsərrüfatı aparıcı sahələrdən biridir. Aqrar islahatlar, torpaq bölgüsü və subsidiyalar kəndlilərin istehsal imkanlarını genişləndirib. Aqroparklar və iri fermer təsərrüfatları bölgələrdə sabit məşğulluğun yaranmasına ciddi töhfə verir. Bununla yanaşı, sənaye sahələri, xüsusilə emal sənayesinə və enerji sektoruna yönələn investisiyalar regionlarda dayanıqlı məşğulluğun əsasını formalaşdırır.
Turizm potensialı yüksək olan ərazilərdə bu sektorun inkişafı da mühüm məşğulluq mənbəyidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri yaxın illərdə on minlərlə yeni iş yerinin açılacağını göstərir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi isə bölgələrdə yeni iş modellərinin yaranmasına şərait yaradır.
Bütün bu proseslərə baxmayaraq, regionlarda məşğulluğun artırılması davamlı diqqət, yeni yanaşmalar və strateji planlaşdırma tələb edir. Dövlət dəstəyi, özəl sektorun fəallığı və regional imkanlardan səmərəli istifadə nəticəsində işsizliyin azalması, sosial rifahın yüksəlməsi və ölkə üzrə balanslı iqtisadi inkişafın təmin edilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açır.
MTM Analitik Qrupu