Həyatdan daha çox kişilər narazıdırlar - SORĞU

Media Təhlil Mərkəzi (MTM) vətəndaşlar arasında sorğu keçirərək onları xoşbəxt edən amilləri müəyyənləşdirib. Sorğuda iştirak edən 1677 respondentin 78%-ni qadınlar, 22%-ni kişilər təşkil edib.
İlk sualı cavablandıranların 43%-i həyatından razı, 30%-i narazı olduğunu deyib. Qeyd edək ki, sorğuda iştirak edən kişilərin 42%-i, qadınların isə 26%-i həyatından narazıdır. Bu barədə fikir bildirməkdə çətinlik çəkənlər isə respondentlərin 27%-ni təşkil edib.
Növbəti suala cavab verənlərin 53%-i ailələri ilə xoşbəxt olduqlarını bildiriblər. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 46%-i fiziki sağlam, 44%-i isə uşaq sahibi olduqları üçün xoşbəxtdirlər. Digər variantlarla bağlı göstəricilər aşağıdakı kimi olub:
“Sevdiyim işlə məşğul olmaq” – 43%;
“Daha çox pul qazanmaq” – 43%;
“İş” – 32%;
“Dostlar” – 25%;
“Həyat yoldaşım və ya tərəfdaşımla münasibət” – 25%;
“Digərlərinin etibarını qazanmaq” – 18%;
“Digər” – 13%.
Cavablar əsasında məlum olub ki, sorğuda iştirak edən şəxslərin yalnız 10,6%-nin dost-tanışları xoşbəxtdir (Ötən il keçirilən sorğuda bu fikirdə olanlar respondentlərin 15,1%-ni təşkil etmişdi). İştirakçıların 21,1%-i hesab edir ki, ətrafındakı insanlar arasında xoşbəxt və həyatından narazı olanların sayı eynidir. Cavab verənlərin 53,2%-nin ətrafı həyatından narazı olduğu halda, 15,1%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğu zamanı respondentlərin öz həyat səviyyələrini yüksəltmək üçün nə etdikləri də məlum olub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların 66%-i maddi vəziyyətini yaxşılaşdırmağa çalışdığını, 40%-i təhsil və biliklərini təkmilləşdirdiyini, 34%-i sağlamlığına daha çox diqqət ayırdığını deyib. Mütaliə etdiyini bildirənlər respondentlərin 19%-ni, səyahətə və aktiv istirahətə vaxt ayıranlar 14%-ni təşkil edib. Qeyd olunan məqsədlə digər fəaliyyətlərə üstünlük verənlər isə iştirakçıların 14%-nə bərabər olub.