02 may

Azərbaycan vasitəçilik imtahanında: diplomatik meydan Bakıda - TƏHLİL

May ayının ilk günləri Bakı üçün adi siyasi təqvim deyil. Azərbaycan paytaxtı eyni vaxtda iki siyasi qütbün rəhbərini - İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməyə hazırlaşır. Hələ üstəlik, bu iki liderin görüşü də planlaşdırılır. Bu, sadəcə ziyarət deyil, regionda geosiyasi xətlərin çəkildiyi bir vaxtda Azərbaycanın necə bir vasitəçi olduğunun göstəricisidir. Bakı getdikcə daha çox qlobal diplomatik platformaya çevrilir. Azərbaycanın bu görüşdə vasitəçi kimi çıxış etməsi yalnız güclü balanslı siyasət və strateji çevikliklə mümkündür.

Bu səfərin fonunda diqqətçəkən əsas amillərdən biri enerji təhlükəsizliyi və regional sabitlikdir. Qəzza böhranı və İranın regiondakı təsirinin artması həm İsraili, həm də Türkiyəni daha sıx əməkdaşlığa sövq edir. Bakı bu prosesdə hər iki tərəf üçün münasib şərait yaradır: bir tərəfdən İsraillə texnoloji və hərbi əlaqələrini qoruyur, digər tərəfdən Fələstin məsələsində Türkiyə ilə oxşar mövqe tutur. Beləliklə, Azərbaycan "ziddiyyətləri uzlaşdıran diplomatiya" modelini uğurla tətbiq edir.

1990-cı illərin strateji tərəfdaşlığından sonra İsrail-Türkiyə münasibətləri “Mavi Marmara” insidentindən sonra illərlə böhran keçirdi. Bu böhran yalnız ikitərəfli münasibətləri deyil, regiondakı sülh təşəbbüslərini də əngəllədi. İndi isə dəyişən geosiyasi konfiqurasiya enerji ehtiyacları, regional balans və təhlükəsizlik çağırışları tərəfləri dialoqa məcbur edir. Bu kontekstdə Bakı "soyumuş münasibətlərə istilik verən" nadir platforma kimi çıxış edir.

Bu diplomatik hadisə, eyni zamanda Prezident İlham Əliyevin regional liderlik strategiyasının məntiqi davamıdır. Onun həm Cənubi Qafqazda, həm də daha geniş coğrafiyada Yaxın Şərq və Avrasiyada sabitlik və əməkdaşlıq üçün göstərdiyi səylər artıq real nəticə verir. Bakı Enerji Həftəsi, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatındakı fəallıq Azərbaycanın diplomatik identitetini daha da dərinləşdirir.

İsrail və Türkiyə kimi fərqli ideoloji, siyasi və dini xəttə malik ölkələr arasında səmərəli vasitəçilik etmək üçün ciddi balans tələb olunur. Azərbaycan bu çətin vəzifəni yerinə yetirə bilən nadir ölkələrdəndir. Onun həm müsəlman dünyasında hörmətli yeri, həm də Qərbdə etibarlı tərəfdaş statusu var. Bu, Bakı görüşünün uğur qazanması üçün mühüm psixoloji və diplomatik zəmin yaradır. Bu səfər və mümkün Netanyahu-Ərdoğan görüşü Azərbaycan üçün təkcə diplomatik qələbə deyil, həm də strateji vizyonun təntənəsidir. Əgər bu proses nəticə verərsə, Bakı bir daha sübut edəcək ki, o, təkcə neft və qaz ixrac edən ölkə deyil, həm də etimad, sülh və dialoqu ixrac edən diplomatik gücdür.

TƏHLİL ANALİTİK QRUP 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?