7-ci sinif şagirdi məktəbdə fiziki zorakılığa məruz qaldı - FOTO

Bakının Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə təəssüf doğuran insident baş verib.
Təhlil.az zəbər verir ki, 7-ci sinif şagirdi Y.Talıbov dərs başlamazdan öncə sinif yoldaşı ilə yaranmış mübahisə nəticəsində fiziki zorakılığa məruz qalıb. Nəticədə onun qolu sınıb, əlavə olaraq sol biləyi və sağ baldırı da xəsarət alıb.
Zərərçəkmiş şagirdə ilkin tibbi yardım 15 saylı poliklinikada göstərilib. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları məktəbdə araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi də hadisəni nəzarətə götürüb.
Məktəbdən verilən məlumata görə isə hadisə aprelin 30-da, səhər saatlarında baş verib. Uşaqlar arasında baş verən dava barədə müəllim və rəhbərliyə dərhal məlumat verilməyib. Hadisə yalnız mayın 1-də valideynlərdən birinin sinif rəhbərinə məlumat verməsi ilə aydınlaşıb.
Məktəbin rəhbərliyi valideynlərlə görüş təşkil edib, məktəb psixoloqu tərəfindən maarifləndirici işlərə başlanılıb. Həmçinin, şagirdlərin davranış qaydalarına nəzarət gücləndirilib və bu cür halların qarşısını almaq üçün profilaktik tədbirlər genişləndirilib.
Hazırda məsələ müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır və araşdırma davam edir.