Azərbaycan diplomatiyasının növbəti uğuru – Fransa geri çəkilir - ŞƏRH

Avropa Siyasi Birliyinin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüş son illərdə ölkələrimiz arasında münasibətlərin normallaşmasına doğru atılmış ilk mühüm addım kimi dünyanın diqqət mərkəzindədir.
Belə görünür ki, ermənipərəst mövqe tutan, Azərbaycanın İkinci Qarabağ və lokal antiterror tədbirlərində əldə etdiyi tarixi zəfərlərdən sonra ölkəmizə qarşı qərəzli kampaniyanı daha da genişləndirən rəsmi Paris Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlarla barışmağa məcburdur. Kopenhagen görüşü və E.Makronun sülhə dəstək bəyanatı Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir. Bu, rəsmi Bakının qətiyyətli siyasətini və regional reallıqları qəbul etdirmə gücünü bir daha təsdiq edir.
Uzun illər ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olmuş Fransa münaqişənin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində hansısa ciddi addım atmayıb. Əksinə, təcavüzkar Ermənistana loyal və bəzən də açıq dəstək ifadəsi olan davranışlara yol verərək, bitərəflik prinsipini kobud şəkildə pozub. Xüsusən də Prezident E.Makronun postkonflikt dövründəki açıqlamaları qərəzli və əsassız olması ilə diqqəti çəkib. Məhz buna görə də rəsmi Bakı Fransanın və bu ölkənin siyasi təsirinin duyulduğu Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlardan imtina edib.
Ümumiyyətlə, Azərbaycanın son illərdə Avropada əsas söz sahiblərindən birinə çevrilməsi, sabitliyə və əməkdaşlığa xidmət edən sülh gündəliyini diktə etməsi Fransanı əsassız olaraq narahat edib. Faktiki olaraq, rəsmi Paris ötən illərdə özünün konyunktur siyasi maraqları naminə bölgədə dayanıqlı sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına mane olub. 2022-ci ilin dekabr ayından etibarən Fransa himayə etdiyi Ermənistanla birgə “Qarabağ ermənilərinin blokadası”, “etnik təmizləmə” kimi cəfəng iddialarla BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərarların qəbuluna çalışsa da, fiasko ilə üzləşib. Rəsmi Bakı ölkəmizə qarşı qərəzli iddiaların əsassızlığını konkret faktlar əsasında sübuta yetirməklə yanaşı, rəsmi Parisin müstəmləkəçilik siyasətinin ifşası istiqamətində də mühüm addımlar atıb.
Azərbaycanın daxili və xarici siyasətinə təsir göstərmək, Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək cəhdləri uğursuzluqla nəticələnən Fransanın ölkəmizdəki təxribatçı və pozucu fəaliyyəti ifşa edilərək zərərsizləşdirilib. 2023-cü ilin sonuna doğru bu ölkənin ölkəmizdə casusluq fəaliyyətinin ifşası, dekabr ayında Bakıdakı səfirliyinin iki əməkdaşının “persona-non-qrata” elan edilərək Azərbaycandan çıxarılmaları, bir Fransa vətəndaşının casusluqda şübhəli bilinərək həbs olunması deyilənlərin əyani təsdiqidir.
2025-ci ilin iyun ayında Fransanın Gorus şəhərində fəxri konsulluq açması, burada ikitərəfli əməkdaşlıq üzrə beşinci konfransın keçirilməsi rəsmi Parisin regionda sülh və qarşılıqlı etimad quruculuğuna qarşı yönəlmiş növbəti destruktiv fəaliyyətinin tərkib hissəsi olub. Ermənistanın silahlandırılması və bu qəbildən olan pozucu addımlar rəsmi Parisin bölgədə sabitliyi deyil, qarşıdurmanı təşviq etdiyini göstərib.
Kopenhagen görüşü isə Fransa-Azərbaycan münasibətlərində qarşı tərəfin qərəzli mövqeyi üzündən yaranmış soyuqluğun və gərginliyin aradan qaldırılması baxımından vacib əhəmiyyət kəsb edir. E.Makronun Prezident İlham Əliyevi Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələr münasibətilə təbrik etməsi rəsmi Parisin illərdir davam etdirdiyi qərəzli ritorikadan uzaqlaşdığına işarədir.
Qeyd edilən görüş göstərir ki, Fransa yeni geosiyasi reallıqları nəzərə almadan, sülh gündəliyini qəbul etmədən Cənubi Qafqazda hansısa mövqe, nüfuz qazana bilməz. Cənubi Qafqazın lokomotiv ölkəsi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində və qlobal nəqliyyat dəhlizlərinin reallaşmasında açar rolunu oynayır. Bu reallığı nəzərə almayan Fransanın regionla bağlı siyasətinin hansısa uğur qazanması mümkün deyil.
Əslində, Fransanın Bakıda sentyabr ayında fəaliyyətə başlayan yeni səfirinin ilk açıqlamaları da münasibətlərin normallaşdırılması vacibliyinə dair açıq mesaj idi. Kopenhagen görüşü isə bunun əyani təsdiqi olaraq, rəsmi Parisin reallıqlar qarşısında geri çəkilməsi, konstruktiv əməkdaşlığa meyillənməsi deməkdir. E.Makron hökuməti bununla Azərbaycanın Cənubi Qafqazdakı artan rolunu, Avropadakı siyasi nüfuzunu etiraf edir. Hazırda ABŞ başda olmaqla, Qərbin əksər ölkələri Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyirlər. Belə olan halda, Fransa təcrid vəziyyətinə düşməmək üçün mövqeyində ciddi dəyişiklik etmək məcburiyyətində qalıb. Rəsmi Paris uzun illər ərzində yürüdüyü qərəzli siyasətin səmərəsiz olduğunu anlayır.
Azərbaycan isə hər zaman olduğu kimi, konstruktiv və sivil dialoqa açıq ölkə olduğunu göstərir. Prezident İlham Əliyevin Kopenhagendəki görüşləri və apardığı müzakirələr bir daha sübut edir ki, rəsmi Bakı üçün əsas prinsip qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıqdır. Əgər Fransa doğrudan da münasibətlərin normallaşmasında maraqlıdırsa, ilk növbədə birtərəfli və qərəzli mövqedən əl çəkməli, regionda real sülh tərəfdarı olduğunu praktik addımlarla təsdiqləməlidir.
MTM Analitik Qrupu