02 oktyabr

Avropa İttifaqı Azərbaycana qarşı qərəzli münasibətini dəyişir - ŞƏRH

Ölkəmizin hərbi-siyasi üstünlüyü ilə Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıq, xüsusən də 2025-ci il 8 avqust tarixində Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton Bəyannaməsi Avropanın bir sıra aparıcı beynəlxalq təşkilatlarının və dövlətlərinin regiona diqqətini artırıb. Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərin müsbət məcrada inkişafı, xüsusi nümayəndələrin Bakıya intensivləşən səfərləri və müxtəlif səviyyələrdə aparılan danışıqlar bunun bariz göstəricisidir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü və suverenliyini bərpa etməsindən sonra Avropa İttifaqının ölkəmizə qarşı əsassız ittihamları təşkilatla siyasi münasibətlərimizdə ciddi problemlərə yol açmışdı. Xüsusilə Fransanın siyasi təsirinin açıq hiss olunduğu Avropa İttifaqının regiondakı proseslərə qərəzli yanaşması, açıq tərəf tutması döyüş meydanında məğlub edilmiş Ermənistanı son vaxtlara qədər təxribatçı siyasi gedişlərə sürükləyib, sülh masası ətrafında konstruktiv mövqe nümayiş etdirməsinə mane olub.

Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsü ilə çıxış edən Avropa İttifaqı Parlamentinin bu müddətdə qəbul etdiyi qətnamələr qərəzli mahiyyəti ilə nəinki Azərbaycanın suveren hüquqlarına, ümumən beynəlxalq hüquqa zidd olub. Rəsmi Bakı vasitəçilik iddiasında olan təşkilatın regionda ədavəti və qarşıdurmanı alovlandırmağa xidmət edən təhrikçi davranışlarını kəskin şəkildə pisləyib.

Bundan əlavə, son 3 ildə Ermənistanın ərazisində yerləşdirilmiş Avropa İttifaqı mülki missiyasının (EUMA) fəaliyyət müddətinin uzadılması iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə mane olan əsas amillərdən birinə çevrilib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2022-ci ilin oktyabrında Praqada keçirilmiş görüşdə missiyanın Ermənistanda iki ay müddətinə yerləşdirilməsinə dair əldə olunan razılaşmaya sonradan əməl edilməyib. Rəsmi İrəvanın müşahidə missiyasını tədricən hərbi kontingentə çevirmək cəhdləri, son aylaradək sərhəd ərazilərdə mövqelərimizin müntəzəm izlənilməsi və müşahidələrin aparılması Bakıda haqlı narazılıq yaradıb.

Ermənistanda regiondan kənar qüvvələrin hərbi kontingentinin mövcudluğu Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirir. Regionda üçüncü qüvvənin olması və onun hərbi xarakterli kontingentlərlə zənginləşdirilməsi sadəcə pozuculuq fəaliyyətinə xidmət edir. Bu baxımdan, Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişinin VII maddəsi Avropa İttifaqının qondarma missiyasının fəaliyyətini də məhdudlaşdıracaq. Həmin maddədə göstərilir: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad quruculuğu tədbirləri həyata keçirəcəklər.”

Qeyd edilənlərə rəğmən, son aylarda təşkilatın Cənubi Qafqaz regionundakı proseslərə qərəzli və qeyri-adekvat yanaşmadan uzaqlaşdığı müşahidə olunur. Bu, ilk növbədə, 2025-ci il 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların yaratdığı yeni geosiyasi reallığın nəticəsi kimi dəyərləndirilə bilər. Qarabağdakı separatçı rejimin devrilməsindən sonra Fransanın təsiri altında Azərbaycanla münasibətlərini süni şəkildə gərginləşdirən Avropa İttifaqı artıq Cənubi Qafqazda ölkəmizin formalaşdırdığı sülh və əməkdaşlıq gündəmini qəbul edir.

Təşkilatın rəsmi şəxslərinin son aylarda Azərbaycana reallaşdırdığı səfərlər, Vaşinqtonda əldə olunmuş razılaşmaları alqışlamaları da bunun bariz sübutudur. Qarşılıqlı dialoqun intensivləşməsi, müştərək maraqlara əsaslanan əməkdaşlıq modellərinin müzakirəsi bunu təsdiqləyir. Prezident İlham Əliyev italiyalı həmkarı ilə mətbuata birgə bəyanatında bu barədə deyib: “Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı–Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı–Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir”.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?