02 oktyabr

Avropa Siyasi Birliyinin sammitlərində Azərbaycanın izi - TƏHLİL

Avropa İttifaqının təşəbbüsü ilə formalaşmış yeni siyasi platforma – Avropa Siyasi Birliyi ötən dövr ərzində dünya miqyasında kifayət qədər diqqət cəlb edə bilib. Sözügedən Birlik Avropanın müxtəlif dövlətlərini bir araya gətirərək ümumi təhlükəsizlik, enerji, iqtisadi inkişaf, nəqliyyat, ekoloji sabitlik və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. Azərbaycan da bu təşəbbüsdə iştirak edən mühüm dövlətlərdən biridir. Xüsusən də geosiyasi mövqeyi, enerji resursları və regional təhlükəsizlikdə oynadığı rol ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirir.

Qeyd edilməlidir ki, Avropa İttifaqından fərqli olaraq, Avropa Siyasi Birliyi məcburi qanunları və ya müqavilələri olan rəsmi qurum deyil. Ümumiyyətlə, bu Birlik sürətlə dəyişən indiki qlobal mühitdə Avropanın ehtiyaclarını əks etdirir, onun formalaşması qitənin dəyişən siyasi mənzərəsinə cavab hesab olunur. Sözügedən hal xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsi, transatlantik miqyasda qeydə alınan gərginliklər fonunda daha qabarıq şəkildə özünü göstərir. Daha bir mühüm məqam isə odur ki, bu gün Avropanın özünün Avropa İttifaqının institusional hüdudlarından kənarda daha geniş birliyə ehtiyacı var. Bu kontekstdə Avropa Siyasi Birliyinin Zirvə toplantılarında Avropa İttifaqına üzv ölkələrlə yanaşı, digər dövlətlərin, o cümlədən Azərbaycanın iştirakı tamamilə təbii xarakter daşıyır.

Azərbaycan Cənubi Qafqaz regionunda yerləşən mühüm dövlət olmaqla yanaşı, həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır. Öz növbəsində Avropa Siyasi Birliyinin Zirvə toplantılarında iştirak Bakının Avropanın siyasi məkanında mövqelərini gücləndirməsinə imkan verir. Bu, həm də Azərbaycanın Avropa üçün nə qədər vacib tərəfdaş olduğunu nümayiş etdirir.

Xatırladaq ki, 44 lideri bir araya gətirən ilk Avropa Siyasi Birliyi Zirvə toplantısı 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilib. Burada yadda qalan ən mühüm məqamlardan biri Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının o vaxtkı prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilmiş qeyri-rəsmi görüş oldu. Həmin görüşdə tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı. Ermənistan 1990-cı illərdən sonra ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməyə məcbur oldu.

2023-cü ilin iyun ayında Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin ikinci Zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın o vaxtkı kansleri Olaf Şoltsun iştirakı ilə daha bir görüşü keçirildi. Lakin burada Fransanın açıq şəkildə Ermənistanın tərəfini tutması həm sülh prosesinə, həm də toplantıya kölgə saldı. Bu, 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilmiş üçüncü Zirvə toplantısında daha qabarıq şəkildə özünü göstərdi. Azərbaycan Prezidenti həmin toplantıya qatılmağa razılaşsa da, görüşdə Türkiyə Prezidentinin də iştirakı məsələsində fikir ayrılığı yarandığı üçün İlham Əliyev tədbirə qatılmaqdan imtina etdi. Nəticədə Qranadadakı Zirvə toplantısı da ciddi tənqidlərə səbəb oldu.

Birliyin dördüncü Zirvə toplantısı İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında keçirildi. Azərbaycan burada ən yüksək səviyyədə təmsil olundu. Tədbirin əsas mövzularından biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu oldu.

Beşinci Zirvə toplantısı Macarıstanın paytaxtı Budapeştdə baş tutdu, lakin sıx iş qrafiki səbəbindən Prezident İlham Əliyev tədbirdə iştirak etmədi.

Altıncı Zirvə toplantısı Albaniyanın paytaxtı Tiranada keçirildi və Azərbaycan üçün diplomatik, siyasi və strateji baxımdan əhəmiyyətli oldu. Prezident İlham Əliyevin Avropa İttifaqı liderləri ilə çoxsaylı görüşləri keçirildi və Azərbaycanın Avropanın enerji ehtiyaclarının ödənilməsindəki rolu yüksək qiymətləndirildi. Bu, bir daha göstərdi ki, enerji təhlükəsizliyi Avropa üçün prioritet olaraq qalır.

Avropa Siyasi Birliyinin yeddinci Zirvə toplantısı isə Danimarkanın Baş naziri Mette Frederiksen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə keçirildi. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycana Qərbdə göstərilən diqqətin bariz nümunəsi oldu.

Budəfəki toplantının əsas müzakirə mövzusu “İqtisadi təhlükəsizlik – Avropa asılılığının azaldılması” oldu. Bu çərçivədə Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Avropa üçün müstəsna əhəmiyyət daşıyır. Yaxın perspektivdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi də həm enerji, həm də tranzit daşımaları baxımından Avropanın iqtisadi təhlükəsizliyinə əlavə töhfə verəcək. Avropada artıq qəbul edilir ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında mühüm iştirakçıya çevrilib. Orta Dəhliz, Şərq-Qərb, Şimal-Cənub dəhlizləri və digər təşəbbüslər Azərbaycanın qlobal logistika xəritəsində rolunu gücləndirir.

Avropa dövlətləri iqlim dəyişikliyi ilə mübarizəni prioritet istiqamət kimi müəyyən ediblər. Azərbaycanın isə külək və günəş enerjisi potensialı yüksəkdir. Avropa Siyasi Birliyi çərçivəsində Azərbaycanın yaşıl enerji layihələrini təqdim etməsi ölkəmizin bu sahədə də strateji tərəfdaş kimi mövqeyini gücləndirir. Xüsusilə də Azərbaycandan Avropaya uzanan yaşıl enerji dəhlizi layihəsi bu istiqamətdə rolumuzu daha da artırır.

Ümumilikdə, Avropa Siyasi Birliyinin Zirvə toplantıları siyasi dialoqun gücləndirilməsi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, iqtisadi inteqrasiya və qlobal çağırışlara cavab baxımından böyük əhəmiyyət daşıyır. Bu toplantılar Avropanı daha birləşik, təhlükəsiz və davamlı inkişaf edən məkan kimi formalaşdırmağa xidmət edir. Prosesə mühüm töhfə verən ölkələrdən biri isə məhz Azərbaycandır.

Eyni zamanda, Azərbaycan Avropa Siyasi Birliyinin sammitləri vasitəsilə özünün regional təsir gücünü artırmaq, enerji və tranzit imkanlarından Avropa ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək, gələcəkdə beynəlxalq institutlarla münasibətlərdə daha balanslı və etibarlı tərəfdaş mövqeyi tutmaq imkanlarını genişləndirir.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?