Paşinyan Kilsəyə qarşı “B planı”na keçir - TƏHLİL

Ermənistanda Baş nazir Nikol Paşinyanla Apostol Kilsəsi arasındakı qarşıdurma yeni fazaya qədəm qoyub. Hələ 2018-ci ildə hakimiyyətə gələndən sonra Paşinyan Kilsəyə qarşı mübarizə aparmağa başlamışdı. İlk olaraq ruhanilərin səlahiyyətlərini azaltmaq, kilsəyə məxsus torpaq sahələrini dövlət balansına keçirmək və din xadimlərinə ayrılan cangüdənləri ləğv etmək barədə qərar qəbul edilmişdi. Baş nazir yaxşı anlayırdı ki, xalq üzərində güclü təsirə malik olan Kilsə gec-tez hakimiyyətə qarşı çıxacaq və ictimai etirazları qızışdıracaq.
2020-ci il müharibəsindən sonra Kilsə Paşinyana və hakim partiyaya qarşı daha sərt mövqe tutaraq onun istefasını tələb etdi. Bu münasibətlər daha da kəskinləşdi. Yaxın keçmişdə bir neçə yüksək rütbəli din xadiminin həbsi və II Qareginin istefaya çağırılması da bu qarşıdurmanın göstəricisi oldu.
Son günlər Paşinyan yenidən fəallaşıb. O, Kilsəni təxribatlardan və Qaregin kimi şəxslərdən “azad etməyin vacibliyini” vurğulayıb və katalikosun iqamətgahı Eçmiədzində mitinqin keçiriləcəyini açıqlayıb. Daha əvvəl təxirə salınan bu aksiyanın bu dəfə baş tutacağı gözlənilir. Lakin Paşinyan tarix açıqlamayıb ki, bu da ehtiyatlı davranış və təxribatların qarşısını almaq məqsədi kimi qiymətləndirilir.
Baş nazir həm də digər ruhaniləri Katalikosun əleyhinə çıxmağa çağıraraq kilsə daxilindəki intriqa və ədavətdən istifadə etməyə qərarlıdır. Bu kontekstdə Paşinyan Ovannavankın ruhani lideri Aram Asatryanın işini xatırladıb. Onun kilsəni açıq şəkildə tənqid etməsi səbəbindən Eçmiədzin intizam komissiyasının gündəliyinə salındığı bildirilir.
Bundan başqa, müxalifət fəalı və “Dok” partiyasının lideri Vardan Qukasyan da fürsətdən yararlanaraq 15 sentyabrda Yerevanın Avan Məhkəməsi qarşısında mitinq çağırışı edib. Bu mitinq arxiyepiskop Mikael Ajapakhyana qarşı keçiriləcək məhkəmə ilə bağlı elan olunub. “Dok” partiyası 2018-ci il məxməri inqilabdan narazı qalmış və indi kilsə-hakimiyyət qarşıdurmasından siyasi dividendlər əldə etməyi hədəfləyir.
Amma görünən odur ki, Paşinyan da qısa fasilədən sonra “B planı”nı işə salıb. Bu plan kilsə daxilində xaos yaratmaq üzərində qurulub. Baş nazirin niyyəti Katalikos Qaregini sevməyən və onu postundan uzaqlaşdırmaq istəyən din xadimləri ilə əməkdaşlıq etməkdir. Kilsə daxilində “Troya Atı” rolunu oynayacaq şəxsin kim olacağı hələ məlum deyil. Bəzi məlumatlara görə, hakim partiyanın elitasından bir neçə nəfər plan barədə xəbərdardır, amma sızmanın qarşısını almaq üçün detallar açıqlanmır.
Bütün bunlar Paşinyanın seçkilərə qədər Kilsə ilə münasibətləri yoluna qoymaq niyyətində olduğunu göstərir. Çünki kilsə tərəfdarları seçkilərdə hakim partiyanın işini çətinləşdirə bilər. Bu isə sülh və inkişaf devizi ilə seçkilərə gedən Paşinyan üçün arzuolunmaz ssenaridir.
Hikmət Həsənov