İranla Qətər arasında İsrailə qarşı dialoq

İran prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmimbin Hamed əl-Tani arasında telefon danışığı olub. Təhlil.az xəbər verir ki, Pezeşkian əmirlə söhbətində İsrailin Qətərə təcavüzünü kəskin şəkildə pisləyib və İranın dost və qardaş Qətərlə həmrəy olduğunu vurğulayıb.
“İran Qətərdəki qardaşlarının yanındadır, qonşusunu və yaxın dostunu dəstəkləmək üçün bütün lazımi addımları atacaq. İsrail beynəlxalq hüquqa hörmət etmir və onun bölgədəki hücumları ABŞ-nin dəstəyi ilə həyata keçirilir. İslam ölkələri öz bəyanatlarında və hərəkətlərində yekdil olmalı, bu təcavüzə və İsrailin açıq-aşkar cinayətlərinə qarşı təsirli addımlar atmalıdır ki, bir daha bu cür hərəkətləri təkrarlamağa və ya törətməyə cəsarət etməsin”, - deyə Pezeşkian bildirib.
Qətər əmiri əl-Tani öz növbəsində deyib: “İsrailin baş naziri Benyamin Netanyahunun cinayətləri sərhəd tanımır və o, istənilən yerə və istənilən şəkildə heç bir maneə olmadan hücum edə bilər. İsrail təcavüzünə qarşı region ölkələrinin ümumi və vahid mövqeyini inkişaf etdirmək lazımdır. Həmas nümayəndələri ABŞ prezidentinin təklif etdiyi atəşkəs planını öyrəndilər və məsləhətləşmələrimiz zamanı bu plana müsbət cavab verməyə hazır olduqlarını açıq şəkildə bildirdilər.Ümid edirəm ki, İran, Qətər və digər İslam ölkələri arasında təmaslar yaxın günlərdə də davam edəcək və birgə səylər və əməkdaşlıq İsrailin təcavüzünün dayandırılması üçün təsirli addımların atılmasına kömək edəcək”.