Nepalda etirazlar böyüyür: parlamentin dərhal buraxılması tələb edilir

Nepalda “Z nəsli” hərəkatının çağırışı ilə ölkədə genişmiqyaslı etirazlar başlayıb.
Təhlil.az xəbər verir ki, aksiyalar nəticəsində iğtişaşların qarşısını almaq üçün hakimiyyət orqanları komendant saatı elan edib.
Hərəkat iştirakçıları geniş siyasi islahatlar tələb edən ictimai bəyannamə yayıblar. Bildirilib ki, mübarizə hansısa partiya və ya fərd üçün deyil, ölkənin gələcəyi üçün aparılır. Etiraz zamanı həlak olanlar şəhid elan ediləcək və ailələrinə ehtiram göstəriləcək.
Etirazçıların əsas tələbləri:
Nümayəndələr Palatasının dərhal buraxılması;
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi və ya gənclərin iştirakı ilə yenidən hazırlanması;
Aralıq müddətdən sonra ədalətli seçkilərin keçirilməsi;
İcra hakimiyyətinin birbaşa seçilməsi.
Bundan əlavə, etirazçılar son 30 ildə qeyri-qanuni əldə edilmiş əmlakın dərhal araşdırılaraq milliləşdirilməsini, həmçinin təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik və rabitə sektorlarının yenidən strukturlaşdırılmasını tələb edirlər.
Beləliklə, Nepal hazırda gənclərin öncüllük etdiyi ciddi siyasi islahat tələbləri ilə üz-üzədir.