Elçin Əmirbəyov: Ermənistan Konstitusiyası paraflanmış sülh sazişi ilə uyğunlaşdırılmalıdır

7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına müsahibə verib.
Təhlil.az xəbər verir ki, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.
E.Əmirbəyov xatırladıb ki, 8 avqustda Vaşınqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir:
“Bu mərhələdə söhbət yekun imzalanmadan yox, yalnız paraflanmadan gedir. Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə davamlı sülhün bərqərar olunması üçün Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır”.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib ki, bununla belə, sazişin paraflanması özü özlüyündə böyük irəliləyiş sayılır.
“Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər”, - deyə o qeyd edib.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.