Avropa İttifaqı “Google”u 2,95 milyard avro cərimələyib

İnternet nəhəngi Google reklam texnologiyaları sektorunda rəqabət əleyhinə fəaliyyətinə görə 2,95 milyard avro (təxminən 3,45 milyard dollar) məbləğində cərimələnib. Avropa Komissiyası bildirib ki, şirkət rəqiblərə zərər vuraraq öz reklam xidmətlərinə üstünlük verib.
Təhlil.az xəbər verir ki, bu qərar ABŞ prezidenti Donald Trampın da tənqidinə səbəb olub. Çünki qərar “Google”un ABŞ-də davam edən məhkəmə prosesləri ilə ziddiyyət təşkil edir. Xatırladaq ki, “Epic Games” şirkəti də “Google”u inhisarçılıqda günahlandırıb.
ABŞ Ədliyyə Departamenti də axtarış bazarında rəqabəti bərpa etmək üçün şirkəti hissələrə ayırmağı müzakirə edib. Hətta “Chrome”un ayrılması və satışa çıxarılması təklif olunub. “OpenAI”, “Yahoo” və “Perplexity” bu xidmətlə maraqlansa da, sövdələşmələr uğursuz nəticələnib.
Federal məhkəmə isə “Google”un “Chrome” və ya“Android”i satmasına ehtiyac görməyib və şirkətin “Apple” ilə axtarış müqaviləsinin qüvvədə qalacağını açıqlayıb. Google isə bəyan edib ki, “Chrome” və “Android” milyardlarla dollar sərmayə ilə yaradılıb, pulsuz, təhlükəsiz və yenilikçi xidmətlərdir.
Onların ayrılması biznes modelini dağıdar, cihazların qiymətini artırar və“Apple” ilə rəqabəti zəiflədər.