Ermənistanın atom enerjisi oyunu - ABŞ ilə əməkdaşlıq alınacaqmı? - ŞƏRH

2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Ermənistanla ABŞ arasında enerji təhlükəsizliyi ilə bağlı memorandum imzalanıb. Bu isə erməni cəmiyyətində Ermənistanda modul tipli (SMR) atom stansiyalarının qurulacağı ilə bağlı xəbərlərin dolaşmasına səbəb olub. Sənəddə isə əslində bu sahədə əməkdaşlıqdan söhbət gedir. Amma tikinti, maliyyələşdirmə və dəqiq tarix barədə məlumat yoxdur. Üstəlik, mətnin özündə açıq şəkildə qeyd olunur ki, memorandum öhdəlik yaratmır və vəsaitin ayrılmasını nəzərdə tutmur. Yəni, ABŞ bu layihəyə pul ayırmayacaq. Çox güman ki, maliyyə vəsaitini Ermənistan hökuməti ayırmalı olacaq. Amma dövlət borcu günü-gündən artan, xarici ticarəti günü-gündən zəifləyən Ermənistan büdcəsi üçün isə bu, mümkünsüz görünür. Eyni zamanda qeyd etmək lazımdır ki, Qərbdə modul tipli AES-lər hazırda uğursuz layihə kimi tanınır. Bunun səbəbini aydınlaşdırmaq üçün bəzi nümunələrə göz atmaq kifayətdir. ABŞ-nin Yuta ştatında dünyanın ilk kommersiya məqsədli modul atom elektrik stansiyasına çevrilməsi nəzərdə tutulan NuScale layihəsi uzun illərdir ki, inkişaf etdirilir. Layihə ucuz və təhlükəsiz enerji vəd edərək fəal şəkildə reklam edildi, lakin sonda uğursuz oldu. Xərclər demək olar ki, iki dəfə artaraq 5 milyard dollardan 9 milyard dollara yüksəldi və hasilatın təxmini dəyərinin qaz və kömürdən istifadədən daha yüksək olduğu ortaya çıxdı. Nəticədə bələdiyyələr bahalı enerji almaqdan imtina etdilər və layihə bağlandı.
Kanadada da vəziyyət oxşardır: hökumət inkişafa milyardlarla sərmayə qoyur, lakin layihələrin həyata keçirilməsi üçün son tarixlər təxirə salınır və ekspertlər elektrik enerjisinin qiymətinin çox yüksək olacağını getdikcə daha çox etiraf edirlər. Yəni, böyük büdcələri olan ölkələr SMR-ni işlək və sərfəli modelə çevirə bilməyiblər. Modul stansiyaların çatışmazlıqları göz qabağındadır. Xüsusilə nisbətən aşağı tutumunu nəzərə alaraq, onların tikintisi çox bahadır. Qərbdə etibarlılığını nümayiş etdirən seriyalı obyektlər yoxdur. Nəticədə istehlakçılar üçün elektrik enerjisinin qiyməti ənənəvi atom elektrik stansiyalarının qiymətindən yüksəkdir.
Əslində bu memorandum Rusiyanın Ermənistandakı Metsamor AES-lə bağlı inhisarını aradan qaldırmağa yönəlib. Paşinyan hökuməti də bunu anladığı üçün layihəyə müsbət yanaşır. Bununla belə, yuxarıda da sadaladığımız kimi, layihə çox bahalıdır və artıq bir sıra Qərb ölkələrində uğursuzluğa düçar olub. Eyni zamanda Ermənistan üçün bu, gələcək onilliklər üçün xarici təchizatçılardan və texnologiyalardan asılılıq deməkdir – onların uzunmüddətli effektivliyinə heç bir zəmanət verilmir. Bu səbəbdən də Ermənistanın enerji təhlükəsizliyi hələ də sual atında qalmaqdadır. Rusiya ilə getdikcə gərginləşən münasibətlər fonunda bu təhlükəsizliyin daha da pisləşəcəyi ehtimal edilir. Çində keçirilən görüş hər nə qədər İrəvanda böyük uğur kimi təqdim edilsə də, Rusiya baş nazirinin müavini Aleksey Overçukun iki ölkə arasındakı münasibətlərə dair açıqlaması real mənzərəni ortaya qoyur.
Hikmət Həsənov