Dünən

Azərbaycanın təşəbbüsləri TDT-ni qlobal yaşıl enerji gücünə çevirir - TƏHLİL

Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlığın yeni və mühüm mərhələsi yaşıl enerjiyə keçidi əhatə edir. Azərbaycanın son illər bu istiqamətdə irəli sürdüyü əməkdaşlıq təşəbbüsləri, imzalanan çoxtərəfli sazişlər, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən layihələr deməyə əsas verir ki, təşkilat perspektivdə dünyanın yaşıl enerji xəritəsində mühüm mövqeyə yiyələnəcək. Bu prosesdə resurs təminatçısı olmaqla kifayətlənməyən Azərbaycan yaşıl enerjinin istehsalı, ixracı və tranziti sahəsində regional mərkəzə çevrilmək iddiasındadır.

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış Qarabağ Bəyannaməsi bir sıra mühüm hədəflərlə yanaşı, TDT ölkələrinin iştirakı ilə yaşıl enerjinin ixracı və tranzitini nəzərdə tutur. Qarabağ Bəyannaməsində türk dövlətlərində bərpaolunan zəngin enerji potensialı, elektrik enerjisinin ixracı və ticarəti üçün hazırda reallaşdırılan layihələrin önəmi xüsusilə vurğulanıb.

2025-ci il sentyabrın 1-də İstanbulda keçirilən “Cleantech Days 2025” forumunda Türkdilli Dövlətlər Təşkilatının yaşıl enerji əməkdaşlığının əhəmiyyəti bir daha vurğulanıb. Müzakirələrdə qeyd olunub ki, TDT təkcə siyasi və mədəni əməkdaşlıq platforması olmaqla yanaşı, gələcəyin enerji gündəliyini müəyyənləşdirən qurum kimi çıxış edir.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində öz işinə başlayacaq IV Türkiyə-Azərbaycan Enerji Forumu da xüsusi əhəmiyyət kəsb edir. Forum iki ölkə arasında enerji əməkdaşlığını dərinləşdirməklə yanaşı, TDT məkanında yaşıl enerji gündəliyinin formalaşması üçün strateji platforma rolunu oynayacaq. Başqa sözlə, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə keçirilən Forum ümumən türkdilli dövlətlər arasında yaşıl enerji layihələrinin reallaşdırılması baxımından önəmlidir.

Qlobal enerji keçidi fonunda alternativ və bərpa olunan enerjinin müasir dünya üçün əhəmiyyəti ildən-ilə artır. Azərbaycan yaşıl enerji keçidi istiqamətində mühüm addımlar atmaqla, yalnız ixrac potensialını və enerji təhlükəsizliyini gücləndirmir, həm də regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin bu günlərdə açıqladığı hesabatda qeyd edilir ki, bərpa olunan enerji üzrə regional axının artması Azərbaycana enerji keçidi ilə bağlı riskləri yumşaltmağa kömək edəcək: “Regional ticarətin artması, əlaqələrin yaxşılaşdırılması və enerji sektorunda davam edən islahatlar günəş və külək enerjisinə investisiyaların cəlb edilməsi üçün yeni imkanlar açır...Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistanda sərhədlərarası elektrik enerjisi ticarətinə kömək edəcək Xəzər “yaşıl enerji” dəhlizinin yaradılması üzrə hökumətlərarası planlar həyata keçirilir. Paralel olaraq, regionun bir çox ölkələri rəqabətli bazarların formalaşdırılmasına və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş enerji islahatları aparır”.

Azərbaycanın bu sahədə öncül mövqeyini şərtləndirən əsas məqamlardan biri də ölkəmizin yaşıl enerji layihələrinə xarici sərmayədarların cəlb olunması üçün yaradılan əlverişli mühitdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə son illərdə reallaşdırılan layihələr, inşa edilən külək və günəş elektrik stansiyaları, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən kiçik su elektrik stansiyaları ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirməklə yanaşı, bu sahədə geniş ixrac potensialı formalaşdırır. Ölkəmiz bu layihələrlə həm ildən-ilə artan daxili tələbatı qarşılamağı, həm də Avropaya daha böyük həcmdə qaz və elekttik enerjisi ixracını artırmağı hədəfləyir.

Paralel olaraq Özbəkistan və Qazaxıstan son illərdə yaşıl enerjiyə keçidə xidmət edən islahatlarını sürətləndirərək, xarici sərmayələr üçün münbit şəraiti təmin ediblər. Azərbaycan yaxın perspektivdə qeyd edilən ölkələrin alternativ və bərpa olunan mənbələr hesabına istehsal edəcəyi enerjinin Avropaya ixracında tranzit ölkə funksiyasını həyata keçirəcək.

“Moody's” hesabatında Azərbaycanın yaşıl enerji əməkdaşlığında təşəbbüskar və istiqamətverici rolu bir daha təsdiqlənib. Hesabatdan aydın görünür ki, Azərbaycanın bu sahədə gördüyü işlər türkdilli dövlətlərin enerji inteqrasiyası və Avropaya çıxışı baxımından həlledici əhəmiyyətə malikdir.

Hazırda Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər vasitəsilə “yaşıl enerji dəhlizi”nin yaradılması istiqamətində qlobal layihəni icra edilər. Xatırlatmaq yerinə düşər ki, ötən ilin noyabr ayında Bakıda təşkil olunmuş COP29 konfransı TDT ölkələri arasında yaşıl enerji əməkdaşlığına ciddi təkan verib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının tədbir çərçivəsində imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təşkilata üzv üç ölkənin əməkdaşlığında yeni səhifə açıb.

Yaradılacaq dəhliz Azərbaycanın tranzit ölkəyə və eyni zamanda “yaşıl enerji habına” çevrilməsinə imkan verəcək. Bu, Azərbaycanın yalnız özünü deyil, bütün regionu enerji keçidinə hazırlayan lider ölkə olduğunu təsdiqləyir. “Moody's”in proqnozuna əsasən, 2030-cu ilə qədər Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji tələbatı 43 faiz artaraq, təxminən 134 milyon ton neft ekvivalentinə çatacaq. Bu artım fonunda qalıq yanacaqdan asılılıq təhlükə yaradır. Hazırda elektrik enerjisi istehsalında neft və qazın payı 75 faizə yaxındır. Bu mənada, yaşıl enerjiyə keçid istiqamətində birgə əməkdaşlıq və layihələr son dərəcə aktualdır.

Azərbaycanın təşəbbüsləri nəticəsində yaradılan “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” enerji dəhlizləri Avropanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, türkdilli ölkələrin iqtisadi inteqrasiyasını da gücləndirəcək. Qısası, ölkəmiz TDT-yə üzv dövlətlərin yaşıl enerji əməkdaşlığının lokomotivinə çevrilib. Bu, türkdilli ölkələrin qlobal enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artırır.

MTM Analitik Qrupu 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?