Dünən

Amerika-Rusiya münasibətlərində yeni gərginlik - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın “Prezident Putin məni çox məyus etdi. Minlərlə insan ölür. Bu müharibənin heç bir mənası yoxdur” fikirləri Ukrayna müharibəsinə münasibətdə yeni siyasi diskussiyaların yaranmasına səbəb olub. Onun bu açıqlaması həm şəxsi baxışlarını, həm də ABŞ-nin gələcək xarici siyasətində mümkün istiqamət dəyişikliyini göstərir. Trampın mövqeyindəki mesajlar, onun məyusluq ifadəsi bir neçə mühüm mesajı gündəmə gətirir. Birincisi humanitar amillə bağlıdır. Belə ki, Trampın müharibənin insan həyatına gətirdiyi faciələrin mənasız olduğunu vurğulaması onun siyasi ritorikasında humanitar yanaşmanın güclənməsinə işarədir. İkinci əsas mesaj sülhə çağırışdır. Üçüncüsü mesaj isə Putinlə şəxsi münasibətləri ehtiva edir. Belə ki, Tramp hakimiyyətə gəldiyi dövrdən Putinə nisbətən daha yumşaq münasibəti ilə seçilirdi. Lakin bu bəyanat Moskva ilə münasibətlərdə inamın zəiflədiyini göstərir.

Trampın açıqlaması həm də daxili auditoriyaya yönəlib. ABŞ-də Ukrayna müharibəsinə ayrılan milyardlarla dollar vəsait cəmiyyətdə ciddi müzakirələr doğurur. Respublikaçı seçicilərin böyük bir qismi Ukraynaya dəstəyin azaldılmasını istəyir. Trampın bəyanatı bu seçici bazasına mesajdır: o, artıq müharibənin davam etməsinin mənasız olduğunu açıq şəkildə bildirir. Lakin Ukraynanı tək də qoymaq olmaz və artıq Zelenski Rusiya hakimiyyətinin bütün qərarlara hörmətsiz yanaşması ilə bağlı Amerika hakimiyyətini inandırmağı bacarıb. Ona görə də Trampın son açıqlmasını Putin üçün ikiqat təzyiq də adlandırmaq olar.

Bu açıqlama ilə Tramp Putinə güclü psixoloji zərbə vurur. Digər tərəfdən, Rusiya lideri üçün ABŞ administrasiyanın hansı xətti seçəcəyinə dair qeyri-müəyyənlik artır. Rusiyada gözlənildiyi kimi Trampın yenidən hakimiyyətə qayıtması Moskva ilə münasibətlərin yaxşılaşmasına gətirib çıxarmadı, Amerika prezidenti daha çox ölkəsinin maraqlarını önə çəkdi. Gedişat göstərdi ki, Tramp Kiyev üçün həm risk, həm də imkanlar yaradır. Sonuncu açıqlamanı da risk-imkan dilemmasının nümayişi adlandırmaq olar. Bəziləri düşünür ki, bundan sonra ABŞ Ukraynaya dəstəyi zəifləyəcək. Bu isə Ukraynanın hərbi-siyasi mövqelərinə mənfi təsir göstərəcək. İmkanlara gəldikdə isə, Trampın məyus açıqlaması sülh danışıqlarının bərpası üçün yeni diplomatik platformaların ortaya çıxmasına təkan verə bilər.

Trampın bəyanatı yalnız ABŞ-Rusiya münasibətləri ilə məhdudlaşmır. O, qlobal güc balansına da təsir edir: Çox güman ki, bundan sonra Avropa İttifaqı və NATO müharibənin davam etməsində daha böyük məsuliyyət hiss etməyə başlayacaq. Çin və Türkiyə kimi regional güclər vasitəçi rolunu daha da gücləndirəcək. Dünya ictimaiyyətində isə Ukrayna böhranının sonsuz qarşıdurma yox, siyasi həll yoluna aparılmasının zəruriliyi barədə düşüncələr artacaq. Ona görə də Trampın “Putin məni çox məyus etdi” açıqlamasını sadəcə emosional ifadə kimi qəbul etmək olmaz. Bu, həm ABŞ siyasətində, həm də beynəlxalq münasibətlərdə yeni diskursun başlangıcıdır. Müharibənin “mənasız” adlandırılması ABŞ-ın gələcəkdə daha praqmatik, iqtisadi və diplomatik həll yollarına üstünlük verəcəyini göstərir.

MTM Analitik Qrupu 

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?