Dünən

Tramp-Putin-Zelenski görüşü ola bilərmi? - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra ABŞ, Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlərin keçirilməsi ehtimalı beynəlxalq gündəmin mərkəzinə çevrilib. Bu üç ölkə liderinin — Tramp, Putin və Zelenskinin bir araya gəlməsi gərginliyi azaltmaq və sülh danışıqlarını irəli aparmaq üçün ümidləri artırırdı.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun dövlət kanalına verdiyi müsahibədə Putin və Tramp arasında Alyaskada baş tutan görüşün detalları açıqlanıb. Bu görüş Trampın Xüsusi Nümayəndəsi Stiv Uitkoffun Moskvaya etdiyi beş səfər nəticəsində əldə edilən razılaşmalar əsasında qurulub. Uşakovun sözlərinə görə, bu səfərlər hər iki liderin gələcəkdə necə hərəkət edəcəyinə dair razılaşmaların təməlini təşkil edib.

Uşakov bildirib ki, Rusiya-Ukrayna danışıqlarının səviyyəsini yüksəltmək üçün hələ konkret bir təklif yoxdur. Bu fikir ilk dəfə liderlərin telefon söhbətində müzakirə olunub, sonra isə Alyaskadakı görüşdə gündəmə gəlib. Uşakovun qeyd etdiyi kimi, amerikalı tərəf bu məsələni daxildə müzakirə edəcəklərini və daha sonra Rusiya tərəfinə təklif verəcəklərini bildirib. Lakin hələlik mediada yayılan bəzi məlumatlardan fərqli olaraq, Putin və Tramp arasında Volodimir Zelenski ilə üçtərəfli görüşün keçirilməsi barədə yekun razılıq əldə olunmayıb.

Danışıqlardan gözlənilən nəticə əldə olunmazsa və ya ABŞ birdən-birə danışıqlardan çəkilərsə, bu, ciddi fəsadlara səbəb ola bilər. Belə bir addım, ilk növbədə, diplomatik prosesə olan inamı sarsıdar və sülh danışıqlarını daha da çətinləşdirər.

Bəzi analitiklər hesab edir ki, ABŞ-nin danışıqlardan çəkilməsi Rusiya üçün ciddi risklər yarada bilər. Bu halda, münaqişənin həlli üçün əsas diplomatik kanalın bağlanması, Ukraynaya artmış hərbi dəstək və Rusiyaya qarşı ciddi təzyiq və sanksiyaların artması ilə nəticələnə bilər. ABŞ-nin danışıqlar masası arxasında olmağı, müttəfiqlərini daha ölçülü addımlar atmağa təşviq etmək üçün bir vasitədir. Əgər bu mexanizm işləməsə, Vaşinqton və onun müttəfiqləri Rusiyaya qarşı daha sərt və koordinasiyalı bir siyasət yürüdə bilər. Bu isə, Rusiyanın beynəlxalq təcridini daha da dərinləşdirə və iqtisadiyyatına əlavə zərbələr vura bilər.

Üçtərəfli görüşün potensialı və riskləri

Üçtərəfli görüş, Ukraynada davam edən müharibənin sülh yolu ilə həlli üçün yeni bir fürsət yarada bilər. Liderlərin birbaşa dialoqu tərəflər arasında etimad qurulmasına və uzunmüddətli sülh üçün daha geniş miqyaslı həll variantlarını müzakirə etməyə imkan yaradar.

Lakin belə bir görüşün ciddi riskləri də var. Ukraynanın 1991-ci il sərhədlərinin bərpasına dair mövqeyi ilə Rusiyanın işğal etdiyi ərazilərin ona aid olduğunu iddia etməsi arasındakı uçurum danışıqların uğursuzluqla nəticələnməsinə səbəb ola bilər. ABŞ-nin bu münaqişədə vasitəçi rolu və Trampın dəqiq olmayan mövqeyi də narahatlıq doğurur.

Ümumilikdə, Putin və Trampın artıq bir araya gəlməsi və müzakirələr aparması, gələcəkdə Zelenskinin də cəlb olunduğu bir görüşün baş tutması üçün zəmin yarada bilər. Lakin bunun baş verməsi hələlik yalnız bir ehtimal olaraq qalır və danışıqların nəticəsi hər üç tərəfin güzəştə getməyə hazır olmasından asılı olacaq. Ciddi güzəştlərin olmaması isə müharibənin daha da uzanmasına və hətta ikinci dünya müharibəsindən daha çox vaxta uzanacağına gətirib çıxara bilər.


Azadxan Axundov

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?