Qarabağ erməniləri təxribata cəhd edir - Paşinyandan mesaj - ŞƏRH

Dünən Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında Qarabağ erməniləri müxalifətin, xüsusən də Daşnaksütyunun dəstəyi ilə mitinq keçiriblər. Ümumiyyətlə, 8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində imzalanan Bəyannamə Ermənistandakı revanşistləri və hakimiyyətə can atan müxalifəti çıxılmaz vəziyyətə salıb. Bu bəyannamənin regiondakı sülhə doğru daha böyük addım olması, həm İrəvan, həm də Bakının bu səpkidə açıqlamalar verməsi, regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması müxalifətin seçkilərdə məyusluqla üzləşəcəyinin ilk siqnalıdır. Təbii ki, 2026-cı il seçkilərinə Baş nazir Nikol Paşinyan sülh və inkişaf platforması ilə gedəcək. Bu isə qələbə əldə etmək üçün real Ermənistan mənzərəsindən baxanda daha yaxşı nəticə üçün fürsətdir. Müxalifət isə vəziyyəti qəlizləşdirmək, xarici və Şimaldakı havadarlarının göstərişi ilə qarışıqlıq salmaq, son kartlardan istifadə etmək üçün hərəkətə keçib. Bu son kart isə Qarabağ erməniləridir. Üstəlik ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləğvi də artıq bu münaqişənin tarixin arxivinə atıldığına işarədir. Bu isə revanşistlərin planlarını pozur.
Maraqlıdır ki, mitinqdə iştirak edənlər Qarabağ məsələsinin bağlanmadığını, Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı məsələnin gündəmə gətiriləcəyini bildirirlər. Rəsmi İrəvan dəfələrlə bu mövzu ilə bağlı açıqlama verərək, Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyıb. Bununla yanaşı, Baş nazir Nikol Paşinyan bildirib ki, hazırda Qarabağ ermənilərinin qayıdışı məsələsi kritik mövzudur və xarici qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edə bilər. Buna baxmayaraq, müxalifət, xüsusən də Daşnaksütyun, Respublika partiyaları kimi Kremldən qidalanan qüvvələr məsələni gündəmdə saxlamağa çalışır. Paralel olaraq isə mövcud olmayan separatçı qurumun qondarma parlamenti bəyanat yayıb. Robert Köçəryan, Serj Sarqsyan kimi keçmiş prezidentlər, müxalif deputatlar da məsələ ilə bağlı bəyanat və açıqlama veriblər.
Bununla belə, Ermənistanın Baş naziri Nikol Paşinyan 2 sentyabr tarixində, yəni qondarma qurumun “ad günü”ndə maraqlı paylaşım edib. Dövlət başçısının “Facebook” hesabındakı paylaşımında bu fikir yer alıb: “Keçmişdə Ermənistan Respublikası digər dövlətlərin hesabına və onlar üçün mövcud olub. Bu gün isə Ermənistan Respublikası öz hesabına, öz vətəndaşlarının hesabına və onlar üçün mövcuddur”.
Əslində Baş nazirin bu paylaşımı Qarabağ erməniləri kartından istifadə edən bütün qüvvələrə açıq-aydın mesaj kimi qəbul edilməlidir. Birincisi, Baş nazir işarə edir ki, Ermənistanın asılılığı Qarabağ mövzusu ilə bağlı olub və separatçı rejimin mövcudluğu bu asılılığı artırıb. Yəni, Qarabağ mövzusu açıq olduğu müddətdə Ermənistan xarici qüvvələrin, xüsusən də Kremlin köməyi ilə dövlət kimi mövcud olub. Bu gün isə Qarabağ mövzusu siyasi gündəmdə olmadığı üçün bu asılılıqdan qurtulub.
Nikolun yazısı təsadüfi fikir deyil, aydın siyasi mesajdır. Cəmiyyətə aydın şəkildə mesaj ötürülür ki, Qarabağ mövzusunun bağlanması Ermənistanın suverenliyidir və ölkə bundan sonra inkişaf yoluna qədəm qoyacaq.
Hikmət Həsənov